Demokratiya ilə pərdələnən imperializmə qarşı Azərbaycan gücü ŞƏRH

Demokratiya ilə pərdələnən imperializmə qarşı Azərbaycan gücü ŞƏRH

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Qarabağın azad edilməsindən sonra erməni diasporu ölkəmizə qarşı geosiyasi təzyiq, informasiya hücumunu daha da genişləndirərək Azərbaycan əleyhinə davamlı olaraq yeni institut, tərəfdaş və isimlər cəlb edir. Otuz ildən artıq Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə, XX əsrin ən böyük insanlıq faciələrindən olan Xocalı soyqırımı törədildikdə bu gün bizi qınayan “demokratik ölkələr” susub. Ermənistandan qovulan azərbaycanlılar haqqında bir dəfə də danışmayan “ədalət fədailəri” sakit, könüllü şəkildə Xankəndidən öz xoşu ilə gedən ermənilərə görə isə bizi ittiham edirlər. Bu gün nümayiş olunan belə bir münasibət heç cür Qərb dəyəri sayıla bilməz.

“Biz Qərb dəyərini qədim yunan mədəniyyətindən Hüqo ədəbi düşüncəsinədək olan bir xəzinə sayırıq. İndi Avropa dövlətlərinin yürütdüyü siyasət, ikili yanaşma standartı isə bu dəyərlərindən irəli gələn məsələlərə aid deyil. Onlar əsarətçi siyasətlərini bizə tətbiq edirlər. Bu məkrli siyasət də “demokratiya”, “insan haqları” adı altında pərdələnir. Onların iddia etdiyi kimi “haqqı tapdanan vətəndaşlar” öz torpaqlarının xilası üçün onu “əzən bir dövlətdə” yumruq kimi birləşə bilməzdi”, – deyə F.İbrahimli əlavə edib.

O deyib ki, Vətən müharibəsi Azərbaycan insanının azadlığının, dövlətə və vətənə sevgisinin ən mükəmməl təsdiqi idi və bu savaşda qazandığımız Zəfər bütün qərəzli beynəlxalq hesabatlardan qat-qat yüksəklikdə dayanır: “Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün insan haqqını, dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini bərpa etdi. Bu, həm də regionda barış yaradacaq ədalətli Zəfər idi. Azərbaycan regionda və dünyada hər kəsin örnək götürə biləcəyi barış və savaş örnəyi yaradıb. Son antiterror tədbirlərində bir mülkü erməninin belə zərər görməməsi Əfqanıstanda, İraqda, Suriyada, Fələstində on minlərlə insanın qətlinə səbəb olan həmin “demokratiya fədailərinə” dərs olmalıdır. Lakin ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra Amerika, Kanada, Avropa İttifaqının çoxluğu, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətlərinin ikiüzlü və məkrli siyasətləri ortaya çıxıb. Onlar fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar. Reallıq isə bundan ibarətdir ki, mahiyyəti şərə xidmət olan bu qüvvələr Azərbaycanın Qarabağdakı qalibiyyətini, bizim müstəqil siyasət yürütməmizi heç cür qəbul edə bilmirlər. Onlar digər ölkələr kimi, Azərbaycanı da öz əlaltısı kimi görmək istəyirlər. Əslində Qərbin 30 il ərzində siyasəti nə idisə, bu gün də dəyişməyib və davam etdirilir. Ancaq siyasi reallıqlar və ən başlıcası Azərbaycan dəyişib”.

Azərbaycanın qurban verərək regionda beynəlxalq hüququ və ədaləti bərpa etdiyini diqqətə çatdıran Milli Məclis sədrinin müavini əlavə edib: “Bu gün məhz Azərbaycan diplomatiyasının çevikliyi və əsgərinin gücü ilə bölgədə sülh üçün heç vaxt olmadığı qədər münbit şərtlər formalaşıb. Azərbaycan Prezidentinin hərbi, siyasi memarı olduğu bu gerçəkliyi kiminsə yenidən manipulyasiya etməsinə izn verilməyəcək. Cənubi Qafqazda yenidən hegemon ölkələrin imperialist və hərbləşdirmə siyasətinin baş tutmasına imkan verilməyəcək.

Bu gün Ermənistanı çox ciddi cəhdlə silahlandıran, ona süni diplomatik dəstək verən dövlətlər əslində onsuz da müstəqil dövlət olmayan Ermənistanı bu hərbi-siyasi avantüranın alətinə çevirirlər. Yaxın tarixin təcrübəsi onu göstərir ki, hegemon güclərin bu siyasəti, Gürcüstan, Ukrayna və Yaxın Şərqdə olduğu kimi sadəcə, onların özünün maraqlarına xidmət edir. Çox təəssüf ki, Ermənistan bu avantüranın bir parçasına çevrilməklə yeni müharibələr üçün şərait yaradır. Amma bir məsələ çox aydındır ki, əgər Cənubi Qafqazda yeni bir müharibə baş verəcəksə, bu müharibə artıq Azərbaycanın ərazisində olmayacaq. Azərbaycan ona diktə etmək istəyənlərə öz yerini göstərəcək, necə ki, göstərib. Müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hərəkətləri ilə bir daha sübut edir ki, hansısa dövlətin diktəsini qəbul etməyib və bundan sonra da etməyəcək”.

 

 

 

Share: