Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonuna xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda 1992-ci ildə Şuşa və Laçının erməni quldur dəstələri tərəfindən işğal olunması faktına bir daha toxunaraq, qeyd etdi ki, “Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi…
Müstəqil.Az bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidentinin sabiq köməkçisi, professor Əli Həsənov özünün soaial şəbəkədəki divarında qeyd edib.
O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı və o vaxtkı hakimiyyəti yıxmaq üçün Şuşanı faktiki olaraq düşmənə təhvil verdilər… Şuşa və ondan bir neçə gün sonra Laçının işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət hərbi çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırıldı və nəticədə AXC-Müsavat çütlüyü hakimiyyətə gəldi… Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib – 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil veriblər…” və s.
Bu çıxışın ardından bəhs olunan düşərgənin bir çox təmsilçiləri özlərinin xaricdən idarə olunan çoxsaylı social şəbəkə ünvanlarında ölkə prezidentinin səsləndirdiyi haqlı irada qarşı çıxaraq, Azərbaycan ziyalılarının və içtimai fəalların 1992-ci ildə Milli Məclisin binası qarşısında keçirdiyi “yaş senzi mitinqləri”ndən görüntülər göstərərək “hakimiyyət uğrunda mübarizəni həmin dövrdə AXC-Müsavatın deyil, YAP-ın aparması” iddiası ilə çıxış etməyə başlamışlar. Bununla bağlı hakim partiyanın Siyasi Şurasının üzvü Musa Musayev fevralın 4-də həmin şəbəkə ünvanlarından birinə müsahibə verərək YAP-çıların bəhs olunan etiraz tədbirlərinə qalxmasının əsas səbəbləri haqqında öz əsaslı fikrini bildirdi. Mən də bu günkü məqalədə həminn tədbirlərin iştirakçılarından biiri kimi və YAP-ın İdarə Heyətinin hazırda üzvü olaraq, bəhs olunan dövrdə cərəyan edən proseslər haqqında bəzi fikirlərimi paylaşmaq istəyirəm.
* * *
2019-cu il noyabr ayının 21-də yazdığım və fb səhifəmdə paylaşdığım statusda qeyd etmişdim ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunları tərəfindən törədilən qanlı hadisələrin səbəbkarı olan SSRİ və Azərbaycan rəhbərliyini növbəti gün Moskvadakı daimi nümayəndəliyə gələrək açıq formada ittiham edən Heydər Əliyev sonrakı günlərdə Kremlin ciddi təzyiqləri altında öz doğma vətəninə – Azərbaycana qayıtdı. Həmin dövrdə Ayaz Mütəllibov hökuməti Heydər Əliyevə Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan cəmi iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutdu.
1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisi təşəbbüs göstərərək Heydər Əliyevi həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçdi. MR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının müstəqil dövlət rəmzləri haqqında analoji qərarlar qəbul edilsin.
Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan xalqının milli azadlıq hərəkatının mərkəzi də Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri faktiki olaraq Heydər Əliyev oldu.
Sonrakı proseslərdə Heydər Əliyevin deputat kimi nümayiş etdirdiyi ardıcıl və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi ardıcıl və qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə Azərbaycandakı milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.
Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin – görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının böyük bir qismi Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına həqiqi mütəşəkkillik, ardıcıllıq və vətəndaş birliyi ruhu gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibovun kommunist rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də milli azadlıq hərəkatı ideyası altında öz ətrafında birləşdirərək, yerli kommunist hökumətinin iradəsini sındıraraq oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Bundan əvvəl Ümummilli Lider Azərbaycan rəhbərliyinin SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə qoşulma cəhdinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.
Beləliklə, bütün bu proseslərin nəticəsi olaraq kommunistlərin təkidlə həyata keçirmək istədiyi həm “yenilənmiş SSRİ müqaviləsi” layihəsi, həm də nüfuzdan düşmüş yerli kommunist hökumətinin özü iflasa uğradı. Cəbhə-Müsavat dairələri ölkədə kommunist rejiminin mövcud acınacaqlı vəziyyətindən istifadə edərək əvvəl Ayaz Mütəllibovu istefa ərizəsi yazmağa məcbur etdi, sonrakı dövrdəsə onun təkrarən hakimiyyətə qayıtması cəhdinə silahlı müqavimət göstərərək, ölkənin kommunist hökumətini bütövlükdə devirdi və hakimiyyəti ələ keçirdi. Həmin dövrdə milli-demokratik hərəkat rəhbərləri azadlıq və demokratiya prinsiplərinə, respublikada yenicə yaranmaqda olan milli birlik və ədalətli seçki normalarına zidd hərəkət edərək, Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı çox ədalətsiz bir gediş etdilər. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla telefon əlaqəsi yaradılmasına ciddi mane oldular. Cəbhəçilər “öz namizədlərinin sədr seçilməsinin hansısa doqquz xarici dövlətlə razılaşdırılması” barədə cəfəng fikirlər səsləndirərək hakimiyyət iddialarını qeyri-demokratik yolla reallaşdırdılar.
Göründüyü kimi, Heydər Əliyevin nüfuzu və xalq hərəkatının təsiirindən bəhrələnərək Mütəllibovun kommunist rejimindən qurtulandan və ölkədə siyasi situasiyaya nəzarəti tam ələ aldıqdan sonra “demokratik” cəbhə düşərgəsini təmsil edən dairələr davamlı olaraq özlərinin təlqin etdiyi demokratiya və insan hüquqları normalarına zidd hərəkətlər etməyə başladılar. Xüsusən də, Azərbaycan xalqının böyük etimadını qazanmış Heydər Əliyevi və onun yaratmağa hazırlaşdığı Yeni Azərbaycan Partiyasını gələcəkdə özlərinə ciddi rəqib sayaraq, AXC-Müsavat başbilənləri bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə başladılar. Elə həmin dövrdə də o müdhiş antidemokratik “yaş senzi” müddəasını ölkə Konstitusiyasına daxil edərək, Heydər Əliyevin növbəti prezident seçkilərindəki iştirakını əngəllədilər. Bu azmış kimi, 1992-1993-cü illərdə antidemokratik üsullarla, silahlı cəbhəçilərin vasitəsilə bir neçə dəfə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis Sədri kimi Heydər Əliyevin fiziki varlığına son qoymağa cəhd göstərdilər.
Beləliklə, 1992-ci ilin aprel-may aylarında Millli Məclis qarşısında ölkə ziyalılarının, geniş içtiimaiyyətin və YAP təşəbbüs qrupu üzvlərinin (həmin dövrdə YAP hələ təsis olunnmamışdı) toplaşdığı bir neçə həftəlik etiraz aksiyaları keçirildi. Bu aksiya bu gün bəzilərinin iddia etdiyi kimi, YAP-çıların hakimiyyət uğrunda mübarizəsi deyildi, əksinə ölkə içtimaiyyətinin özlərini demokrat adlandıran kəsimin konstitusiyaya antidemokratik bir müddəa daxil etməsinə qarşı qaldırdığı etiraz aksiyası idi. Bu etiraz məhz özlərini “demokrat” adlandıraraq, əslində antidemokratik yollarla hakimiyyəti ələ keçirən, sonrakı dövrdəsə ölkə konstitusiyasına belə bir biabırçı “yaş senzi” məhdudiyyəti daxil edərək, Heydər Əliyev kimi nüfuzlu rəqiblərini prezident seçkilərindən kənarda saxlamaq istəyən dairələrə qarşı çevrilmişdi. Odur ki, ölkə prezidenti tamamilə haqlı olaraq qeyd edir ki, bəhs olunan dövrdə qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün və hələ də Moskvadan müvafiq komanda gözləyən mövcud kommunist rejiminin fəaliyyətsizliyinin nəticəsi idi ki, 1992-ci ildə Şuşa və Laçın işğal olundu. Bunun ardınca, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, milli-vətəndaş birliyi ideyasına böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi həddinə sürükləndi və nəticədə Şuşa və Laçının ardıcan Kəlbəcər və digər Azərbaycan torpaqları erməni hərbi birləşmələri tərəfindən işğal olunmağa başlandı.
21 noyabr 1992-ci il – Azərbaycanda YAP-ın və sivil müxalifətçilik ənənəsinin yaranma tarixi
Mövcud hakimiyyətin yarıtmaz siyasətinin nəticəsi olaraq, gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını, yaxınlaşan milli fəlakəti hamıdan qabaq duyan və buna müqavimət göstərməyi qarşılarına məqsəd qoyan bir qrup vətənpərvər ziyalı bəhs olunan dövrdə bir araya gələrək, 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün xalqı, sağlam düşüncəli bütün qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir ümumxalq partiyasının yaradılması və ona rəhbərlik etməsi məsələsinə münasibət bildirməyi Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider olaraq Heydər Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də “Səs” qəzetində ölkə ziyalılarının müraciətinə Heydər Əliyevin cavabı dərc olundu. Bu, əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən ciddi bir milli fəaliyyət proqramı idi.
Sonrakı prosesləri, hörmətli oxucuların yadına salmaq istəyirəm: Heydər Əliyevin qurub-yaratdığı və demək olar ki, bütün geniş iclas salonlarını inşa etdiyi Bakı şəhərində onun adı ilə yaradılan partiyaya qurultay keçirməyə yer və imkan verilmədi. Odur ki, ölkənin dörd bir yanından Naxçıvan şəhərinə axışan ziyalılar, partiya qurucuları soyuq və şaxtalı 21 noyabr günündə Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı təsis etdilər. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyət ətrafında səfərbər edilərək Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.
Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sədri kimi partiyasının kadr potensialına söykənərək özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, effektli idarəçilik həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarını dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.
Ulu Öndərin haqq dünyasına qovuşmasından keçən son 17 il ərzində Azərbaycanda onun siyasi varisi- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar və qələbələr Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir. İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış İkinci Qarabağ müharibəsi noyabrın 10-da qalibiyyətlə başa çatdı və son əlli ildə dünyada yaşanan müharibələr içərisində “qısa müddət ərzində çox böyük effektli sonluqla yekunlaşan müasir müharibə nümunəsi” kimi tarixə düşdü.
Mövcud müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların “sülhyaratma dəhlizləri”ndə düyünə salınmış Dağlıq Qarabağ münaqişəsi və işğal problemini öz gücü ilə həll etmişdir. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında tapdanan tarixi torpaqlarımızın və yüzlərlə yaşayış məskənlərimizin geri qaytarılması, ev-eşiyindən didərgin salınmış yüz minlərlə vətəndaşımızın öz doğma yurd-yuvasına qayıdışına şərait yaradılması müstəqillik dövründə xalqımızın verdiyi bütün şəhidlərin ruhuna ciddi bir təsəlli hədiyyəsi hesab oluna bilər!
İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti ətrafında birləşmək bacarığını və Vətən üçün canını qurban vermək iradəsini nümayiş etdirdi. Bu gün tam məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Müzəffər Ali Baş Komandan- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ tariximizin əsl qəhrəmanlıq səhifələri kimi gəsrlər boyu xalqımızın yaddaşına həkk olunaraq, milyonlara həqiqi qürur hissi yaşadacaqdır!
İkinci Qarabağ müharibəsindən sonra keçirilən ictimai sorğuların nəticələri də göstərir ki, xalqın dəstəyi ölkə Prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir. Belə liderə və onun müzəffər partiyasına qalib gəlməksə heç bir qüvvəyə, ələlxüsus da radikal qüvvələrə nəsib olmayıb, bundan sonra da olmayacaq.
Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi müdrik bir kəlamı – “zaman hər şeyi öz yerinə qoyur” ifadəsini bir daha təsdiq edir.
Müstəqil.Az