Millət vəkili Arzu Nağıyev pandemiya ilə əlaqəli olaraq ölkədə Novruz bayramından öncə qapanmanın gözlənildiyini bildirib.
Müstəqil.Az xəbər verir ki, “redaktor.az”a danışan A.Nağıyev vəziyyətin belə davam edəcəyi təqdirdə karantin qaydalarının yenidən sərtləşdirilməsinin vacib olduğunu vurğulayıb:
“COVID-19 pandemiyası ilə mübarizədə bizim bir neçə yolumuz var, bunlar sosial məsafəni saxlamaq, maskadan istifadə etmək, gigiyenanın qorunması və vaksinasiya olunmaqdır. Ümumi testlərin və yoluxanların sayına baxsaq, görərik ki, hələ tam şəkildə bu prosesin sona çatması yaxın zamanda gözlənilmir. Bu gün problem var, artım günü-gündən çoxalır. Belə getsə, düşünürəm ki, qapanmalara qayıdacağıq”.
Millət vəkili Bakı metropoliteninin açılması məsələsinə də toxunub:
“İnsanlardan çox şey asılıdır, hər bir vətəndaş ciddi şəkildə sadaladığımız üç məsələyə riayət etsə, metro niyə də açılmasın?! Amma bəzi insanlar var ki, hələ də biganə yanaşırlar. Təəssüflər olsun ki, bu gün vaksinləşməyə belə inanmayanlar var”.