Deputat bu məhsulların ƏDV-dən azad olunmasını istədi

Deputat bu məhsulların ƏDV-dən azad olunmasını istədi

“Bu lahiyələrdə nəzərdə tutulan məsələlərdən biri Azərbaycanda zərgərlik sənayesinin inkişafına təkan verəcək maddələrdir. Gözəl Kəlbəcərimizin və Zəngilanımızın işğaldan azad olunması ilə Azərbaycanda zərgərlik sənayesinin inkişafı istiqamətində daha da böyük perspektivlər açılır. Nəzərə alsaq ki, Azərbaycanda belə bir ənənə və məktəb var, deməli bu ənənə və məktəbi genişləndirməliyik. Bu, həm də bizə yeni iş yerlərinin açılması imkanları da verər. Ölkədə büdcəyə daha çox vəsaitin daxil olmasına və  bu məktəbin daha da inkişaf etdirilməsinə şərait yaradar”.

 

Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən bildirib.

 

Deputat ona görə də qızıldan və gümüşdən zərgərlik məmulatlarının istehsalı və zərgər işlərinin görülməsi ilə bağlı dəzgahların, avadanlıqların və qurğuların 3 il müddətinə vergidən azad olunmasını dəstəklədiyini deyib.

“Lakin başqa bir çox vacib məsələ də var, onu nəzərinizə çatdırmalıyam: bu məsələ Azərbaycanın minlərlə oxucusunun, ziyalıların müraciətidir. Müraciət ondan ibarətdir ki, kitablar, jurnallar, mətbəə məhsulları üzərində 18 %-lik əlavə dəyər vergisi var və dünya statistikasında belə bir şeyə rast gəlinmir ki, kitablara, jurnallara və mətbəə məhsullarına bu qədər vergi tətbiq olunsun. Qardaş Türkiyədə bu vergi 8% həcmində idi. Sonra onu da imtina etdilər. Qonşu ölkələrdə, Avropa ölkələrində bu faiz daha aşağıdır. Kitablara, jurnallara, mətbəə məhsullarına ƏDV-nin ləğvi kitab oxumağa meyilliliyin artmasına, cəmiyyətin intellektual inkişafına dəstək olacaq bir addımdır. Mən xatırlayıram, bir neçə dəfə bu məsələni parlamentdə qaldıranda Vergilər Nazirliyi mediada açıqlama yayaraq bildirmişdi ki, nazirlik bu məsələyə etiraz etmir, məsələ hökümətlə müzakirə olunsa və müvafiq razılıq olsa, biz də müsbət baxarıq. Mütəxəssislərin hesablarımına görə bunun dövlət büdəcəsinə ciddi zərəri yoxdur. Çünki ölkəmizdə istehsal olunan kitab və jurnalların, eyni zamanda ölkəyə idxal olunan bu məhsulların təxmini sayı bəllidir. Ona görə də bu məhsulların ƏDV-dən azad edilməsi uşaqların, gənclərin və ümumiyyətlə bütün oxucuların daha çox kitab almasına münbit ortam yaradar, yazarlar, şairlər, birbaşa kitabla bağlı insanlar üçün çox böyük hadisə olardı”, – deyə Qənirə Paşayeva bildirib.(Modern.az)

Share: