Deputat: “İki erməni olub, onlardan biri…” – Kiyevdəki insidentin təfərrüatı

Ukraynada azərbaycanlı tələbələrə qarşı silahlı insidentlə əlaqədar diaspor nümayəndələri ilə əlaqə saxlamışam. Hadisə baş verəndən dərhal sonra bizim diaspor nümayəndələrimiz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və digər diaspor fəalları tələbələrimizin yanına gediblər. Artıq hadisə ilə bağlı Ukrayna qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Müstəqil.Az bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, soydaşlarımıza qarşı odlu silahdan istifadə edən ermənilərin axtarışı həyata keçirilir. Deputat qeyd edib ki, 4 azərbaycanlı tələbə hadisə yerində olub: “Orada iki erməni olub, onlardan birində odlu silah olduğu bildirilir. Artıq olaya hüququ qiymət verilib. Hadisəni törətmiş ermənilər və onların istifadə etdiyi avtomobil axtarışa verilib. Onu da qeyd edim ki, Ukraynanın Daxili İşlər naziri Arsen Avakov etnik ermənidir. Amma inanmıram ki, o, ciddi şəkildə bu hadisələrə müdaxilə edə bilsin. Çünki o da müəyyənləşdirib ki, oradakı azərbaycanlılar böyük gücə sahibdirlər. Soydaşlarımızın dövlət administrasiyasına çıxışı çox asandır. Amma bütün bunlara rəğmən etnik bir erməni sözsüz ki, erməniləri müdafiə edəcək”.

Deputat vurğulayıb ki, hazırda bütün zəruri, hüquqi prosedurlar icra olunur.

Rüfət Quliyev bildirib ki, Ukrayna vətəndaşları bu proseslərdə bizə açıq dəstək verirlər: “Hətta Ukrayna vətəndaşı olan azərbaycanlılar Qarabağda döyüşə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Ermənilərin olduğu cəmiyyətlərdə artıq neçə gündür ki, vandalizm, terrora meyilli, aqressiv davranışlar izlənilməkdədir. Buna baxmayaraq Azərbaycan diasporu artıq öz mübarizə taktikasını ardıcıl şəkildə aparır. Tovuzda erməni təxribatına qarşı bütün dünya ayağa qalxıb və Azərbaycana açıq dəstək nümayiş etdirib. İstər dövlətlər, istərsə də parlamentlər səviyyəsində ölkəmizə böyük dəstək ifadə olunmaqdadır. Parlamentlərarası əlaqələr üzrə işçi qrup olaraq Ukaynadakı millət vəkilləri ilə daima əlaqə saxlayırıq. Ukrayna Türkiyədən sonra Tovuz təxribatına açıq mövqeyini, Azərbaycana dəstəyini ifadə edən ölkələrdən oldu”.

Millət vəkilinə görə, Ukraynada belə bir hadisənin də baş verməsi heç də təsadüfi deyil: “ Ukrayna həm dövlət, həm də parlament səviyyəsində bizə açıq dəstəyini bildirib. Oradakı deputat həmkarlarımdan da dəstək məktubları almışam, onlar Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını ifadə ediblər. Eyni zamanda son günlər Ukraynanın ayrı-ayrı şəhərlərində Azərbaycana dəstək aksiyaları təşkil edilib. Həmin aksiyalarda Ukraynadan olan deputatlar və dövlət təmsilçiləri iştirak ediblər. Bu aksiyalarda açıq şəkildə Ermənistanın Azərbaycana təcavüzü pislənilib və işğalçıya açıq mesajlar göndərilib”.

Müəllif: Tapdıq Qurbanlı
Share: