“Hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır”.
“Report”un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.
Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib: “İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. Vətəndaşlar yenidən qapanma olacağından qorxurlar. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir”.
F.Mustafa Novruz bayramı öncəsi qiymətlərin bahalaşdığını deyib: “Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək lazımdır. Ancaq rayonlara gediş-gəlisi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”.