İyulun 21-də Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.
Müşavirədə şənliklərin qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmədiyi, bu səbəbdən də ölkə üzrə yoluxma sayında artımların müşahidə edildiyi vurğulanıb.
Bildirilib ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər, yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a deyib ki, Operativ Qərargah toylardansa, ictimai nəqliyyatı müzakirə etməli idi:
“Bizim toy mədəniyyətimiz onsuz da aşağı idi, adətlərin həddən artıq zərərini görürdük, bu yeni bir şey deyil. Amma pandemiya vaxtı sosial məsafənin gözlənilməsi baxımından daha az sayda insanın toplanması vacibdir. Əvvəldən də dediyimiz kimi, toylara hərarətin ölçülməsi, ilkin əlamətlərin hiss edilən dərəcədə olmasına diqqət etmək kifayətdir.
Operativ Qərargah əvvəldən cilalanmış qərar verməli idi ki, problem yaranmasın. Həm də bu məsələdə sahibkarların da vəziyyətini nəzərə almaq lazımdır. Çünki uzun müddət işləməyiblər, gəlirləri olmayıb. Ona görə də bu ərəfədə sadəcə eyni yeməyi verən yerlər arasında fərqi görə bilirsən. Ümumilikdə isə vəsaitin vətəndaşın belindən çıxarılması nəzərdə tutulub. Vətəndaş özü əslində buna razılıq verir. Çünki şöhrətpərəstlik imkan vermir ki, tədbirlərini daha mütəvazi və sadə formada keçirsinlər.
Operativ Qərargah toydan çox ictimai nəqliyyatı müzakirə etməli idi. Orada müəyyən etməli idilər ki, kimin taksi şirətlərilə sövdələşməsi var ki, Operativ Qərargahın adından verilən qərar ancaq taksi şirkətlərinin marağına xidmət edir. Bu qərarın nə pandemiyaya dəxli var, nə vətəndaşa xeyir gətirən haldır”.
Deputat bayram, şənbə, bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılmasını absurd sayıb:
“Bu qərara baxmaq lazımdır. Yüzlərlə, minlərlə insan var ki, taksiyə minməyə imkanı yoxdur. Onları sıxıntı içərisində saxlamaq yanlışdır”.
F.Mustafa yoluxma sayının artması ilə gözlənilən qapanma məsələsinə gəlincə, bunu normal sayıb:
“Yoluxma artarsa, çıxış yolu qapanmaya getməkdir. Amma bu zaman ictimai nəqliyyatı məhdudlaşdırmaq olmaz. Əksinə, alternativlər olmalıdır ki, insanlar sosial məsafə gözləyə bilsinlər. Yoxsa, insan başqa maraqlara xidmət edənlərin varlığına inanmağa başlayır. Çünki başqa izahı yoxdur. Bayram günündə insanları sıxıntıya salmaq heç bir prinsipə uyğun gəlmir.
Qapanmaya gedilməsi normaldır. Virus təhlükəsi tam olaraq aradan qalxmayıb, amma bəzi sahələrdə yersiz məhdudlaşdırmalara gedilməsi doğru deyil. Məsələn, ictimai nəqliyyatla bağlı məhdudlaşma yersizdir, metro da işləməlidir, avtobus da. Sadəcə nəzarət olmalıdır. Biz nəzarət edə bilmirik deyə, ən yaxşı yolu kəsib atmaq, qapanmağı seçirik. Nəzarət edəndə, insanlar qaydalara əməl edəcəklər. Amma nəzarətsiz olanda hər kəs bildiyi kimi hərəkət edir ki, bu da virusun yayılmasının səbəblərindən birinə çevirilir”.