Ana dilimiz milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümüdür.Dil xalqın mənəviyyatı, onun ruhu, ürəyinin güzgüsüdür. Sahib olduğumuz sərvətlər içərisində dil ən qiymətlisidir.Hər xalqın öz dili var. Təcrübə göstərir ki, ana dilini unudan xalqlar sonda məhvə məhkum olur. Azərbaycan xalqı tarix boyu öz dilini mühafizə edib saxlamış, göz bəbəyi kimi qorumuşdur. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib. Dilimiz zəngin lüğət tərkibinə, mükəmməl qrammatik quruluşuna, ifadə vasitələrinə malikdir.
Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı. XVIII əsrdə Qafqaza gələn A.Düma öz qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.
Ümümmilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Ulu öndərimiz ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Ana dilinin statusunun özünə qaytarılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dili haqqında imzaladığı sənədlər xalqın mənəvi qidası olan ana dilimizin mövcudluğuna yeni nəfəs, yeni yüksəliş verdi.
Ulu öndərimizin hər bir tövsiyə və göstərişləri bizə ruh və həvəs verir.
Dahi şəxsiyyət Heydər Əliyevin anım ğünü ilə əlaqədar hər tədris ilində “Heydər Əliyev və Azərbaycan dili dərsləri” kecirırəm. Bu xüsusi dərslər mənim ulu öndərin xatirəsinə kiçik də olsa töhfəm olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Ulu öndərimizin uzaqgörən siyasətini uğurla davam etdirərək dilimizə, dilciliyimizə, onun inkişafına böyük qayğı göstərir. Dovlət başçımız deyir: ” Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”
Dövlət başçımizin 1 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinə dövlət qayğısının və Prezidentin bu sahəyə yüksək diqqətinin barız nümunəsidir.
Ana dilinə sevgi Vətənə sevgi deməkdir. Hər bir vətəndaş öz doğma dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur. Bu mənada Azərbaycan dilini tədris edən müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Ana dilini tədris edən müəllim nə dərəcədə peşəkar, təcrübəli, bilikli olsa da danışığında yeri gəldi-gəlmədi yad kəlmələrdən istifadə edərsə dövlət dilimizin təmizliyinə ziyan vuracaqdır.
27 ildir ki, Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində doğma ana dilimizi tədris edirəm. Doğma dilimizi şagirdlərə düzgün tədris etmək, onu bütün gözəllik və incəlikləri ilə çatdırmaqdan qürur duyuram. Mənəvi sərvətimiz olan dilinizin varlığını hiss etmək, qorumaq necə də gözəldir! Çalışıram ki, dilimizi sevdirməklə yanaşı, ölkəmizin gələcək nəslini milli-mənəvi deyərlər bazasında tərbiyə edərək dilimizə sevginin təməlini qoyam.İnanıram ki, şagirdlərimiz harada yaşamaqları dan asılı olmayaraq, dünyanın hər bir ölkəsində xalqımızın, dövlətimizin mənafeyini müdafiə edəcək, onu qorumağa cəsarətli olacaqlar.
Məhbubə Şahbazova,
Masallı rayonu Bədəlan kənd tam orta məktəbinin
təlim-tərbiyə işləri üzrə direktor müavini
Müstəqil.Az