Tüpürcəyin xəzərin ləpələrində isladır dodaqlarını,
Əvəzinədir ezamiyyətə gedən günəşin yerində gözlərin,
Sənə baxıram bir masalıq üzbə-üz
Amma maşınla getsəm neçə saata çatmaram bilmirəm sənə
Əllərinin üstündəki gözəgirən damarlar
Simandakı qayğısız obrazlı çöhrənə üsyan edir,
razılaşmır
Mən bilmirəm kim haqlıdır
Lavabonun qarşısında get-gəl edirsən,
güzgüyə baxırsan,
Mən sənə baxıram
Qərar verə bilmirəm, gəlməliyəm yanına,
yoxsa getməliyəm yanına…
Yolunu tapıram baxışlarımı üstündən öz gözümə səsləyirəm,
tula kimi geri qayıdırlar
Münasibətindən yayı gözləyirdim,
amma soyuq düşdüyünü
canımda hiss edirəm
Öz anasının ögey oğlu kimi boynunu bükür hisslərim
Dərsdə lap nişanələr artır
Arxaya döndərmirsən başını bir dəfə
Qar yağır bu dəfə…
Sonra tək-tək güllərlə bahar olmur məndə
Evə gedirəm, siqaret çəkirəm,
dilini bilmədiyi mahnılara qulaq asıram
üst mərtəbədəkilər
oyanmasınlar deyə
çarəsizliyimə səsboğucu bağlayıb
otağın ortasında yol ölçürəm
bu divardan,
o divara…
sonra?- sonra, bilmirəm nə olur.