Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən müxtəlif növ imtahanların tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 6 mart 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə müəyyən edilib.
DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, 2017-ci ildə tariflər müəyyən edildikdən sonra tələbə qəbulunu tənzimləyən qanunvericilik aktlarına edilmiş dəyişikliklərə əsasən, imtahanların keçirilmə texnologiyasında, davametmə müddətində, məzmununda və s. bir sıra dəyişikliklər edilib, bu da öz növbəsində həmin imtahanların dəyərinin artmasına gətirib çıxarıb. Belə ki, ümumtəhsil məktəblərində 2008-ci ildən tətbiq edilən kurikulum proqramı üzrə təhsil alan şagirdlər 2017-ci ildə 9-cu sinfi bitirdikləri üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının forması və strukturu dəyişdirilib. İmtahanda şagirdlərə cavab variantları verilməyən, doğru cavabın yazı ilə ifadə olunması tələb edilən tapşırıqlardan istifadə olunub. Kurikulum proqramı üzrə məzun olan şagirdlər məktəbi 2019‑cu ildə bitirdikləri üçün həmin il ali təhsil müəssisələrinə qəbul qaydaları da yenilənib və qəbul imtahanlarının birinci mərhələsi hesab edilən buraxılış (əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarında, həmçinin imtahanın ikinci mərhələsində qeyd etdiyimiz yeni növ tapşırıqlardan istifadə olunub. Yeni növ yazılı cavab tələb edən tapşırıqların hazırlanması ilə yanaşı, yoxlanılması da maddi baxımdan xeyli miqdarda vəsaitin sərf olunmasını tələb edir. Bu işə Dövlət İmtahan Mərkəzi tərəfindən minlərlə marker cəlb olunur və milyonlarla tapşırıq yoxlamadan keçirilir.
Tarif Şurasının əvvəlki qərarı ilə müəyyən olunmuş 40 manat qəbul imtahanlarının əvvəlki (bir mərhələli) modeli üçün nəzərdə tutulmuşdu. 2019-cu ildən etibarən isə 40 manat ödəyən abituriyent iki imtahanda (qəbul imtahanının I və II mərhələsi) iştirak edir. İmtahan iştirakçısı əslində 80 manat ödəməli olduğu halda qanunvericilikdə müvafiq dəyişiklik edilmədiyi üçün 40 manat ödəyirdi.
Yuxarıda qeyd olunan məsələlərlə əlaqədar Dövlət İmtahan Mərkəzi hələ 2020-ci ilin əvvəlində tariflərə yenidən baxılması üçün Tarif Şurasına müraciət edib. Lakin dünyada və Azərbaycanda hökm sürən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yeni tariflərin müəyyən edilməsi müvəqqəti olaraq ləngidi.
2020-ci ildə koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlər bir imtahan iştirakçısı üçün çəkilən xərcləri daha da artırmışdı. İmtahan binasına buraxılan iştirakçıların sayına məhdudiyyət qoyulduğu üçün avtomatik olaraq imtahan binaları, imtahan rəhbərləri, nəzarətçilər, mühafizə əməkdaşları, buraxılışı təşkil edən əməkdaşlar və bina nümayəndələrinin sayı, həmçinin daşıma xərcləri, materialların təhlükəsizliyinin təmin olunması, ezamiyyə xərcləri, qabaqlayıcı sanitar-normativ tələblərin yerinə yetirilməsi və digər işlər imtahanlara sərf olunan vəsaitin həcmini faktiki olaraq iki dəfə artırıb.
İmtahanın keyfiyyəti və təhlükəsizliyi ilə əlaqədar bu tədbirlərin bir hissəsinin, xüsusilə də imtahan iştirakçılarının tək-tək əyləşdirilməsinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Bu da təbii olaraq yuxarıda qeyd olunan xərclərə təsir edir.
Bundan əlavə, 2017-ci ildə tariflər müəyyən edildikdən sonra DİM tərəfindən yeni növ imtahanların keçirilməsinə başlanılıb. Məsələn, ali təhsil pilləsində təhsillərini ümumi təhsil pilləsində təhsil aldıqları dildən fərqli dildə davam etdirmək, yaxud qəbul imtahanı çərçivəsində ümumi təhsil pilləsində tədris edilən xarici dildən deyil, sərbəst öyrəndikləri və daha yaxşı bildikləri xarici dildən imtahan vermək istəyən abituriyentlər üçün əlavə dil imtahanları kimi yeni imtahan növləri yaranıb. Artıq bir neçə ildir ki, Mərkəz tərəfindən bu imtahanlar keçirilsə də, onların tarifləri müəyyən edilmədiyi üçün, indiyədək qeyd edilən imtahanlar qənaət edilmiş resurslar hesabına keçirilib. Bundan əlavə, 2022-ci ildən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) iki altqrupuna bölünməsi və hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin II mərhələdə əlavə olaraq coğrafiya fənnindən imtahan verməsi, 2023-cü ildən isə I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) iki altqrupuna bölünməsi və hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin II mərhələdə əlavə olaraq informatika fənnindən imtahan verməsi nəzərdə tutulur. Bu isə öz növbəsində yeni növ imtahanın keçirilməsi ilə nəticələnəcək ki, həmin imtahan üzrə də tarifin müəyyən edilməsi zərurəti meydana gəlmişdir.
Qeyd olunmalıdır ki, xidmətlərin tariflərində edilən dəyişiklik az sayda imtahan iştirakçılarına birbaşa təsir edir. Belə ki:
– həm ümumi (9 illik) orta, həm də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və şagirdlər bunun üçün hər hansı ödəniş etmirlər. Bu imtahanlar cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna qəbul imtahanına və I-IV ixtisas qrupları üzrə qəbulun 1-ci mərhələsinə bərabər tutulduğuna görə onlar bu imtahanlarda iştirak etmirlər.
– Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Beləliklə, imtahan iştirakçılarının əsas hissəsi cari il məzunları olduğu üçün onların imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.
Cari ilin məzunları yalnız öz istəklərinə əsasən ikinci qəbul imtahanında (II cəhd) iştiraka görə ödəniş edirlər. Bu imtahanda iştirak isə məcburi deyil.
Qiymət artımı əvvəlki illərdə imtahanlarda iştirak etmiş və bu il yenidən müraciət edən az sayda məzunlara təsir edəcək.
Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Əlavə olaraq qeyd edək ki, həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları (ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi) 2 il qüvvədə olur. Buraxılış imtahanlarının nəticələri ilə abituriyentlər 2 il ərzində orta ixtisas təhsili müəssisələrinin, V ixtisas qrupuna aid ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Keçən il buraxılış (qəbul) imtahanı verənlər bu il ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinə getmədən birbaşa ikinci mərhələdə iştirak edə bilərlər. Nəticəsini yaxşılaşdırmaq üçün yenidən imtahan vermək isə abituriyentlərin öz seçimidir.
Rezidenturaya qəbulda isə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Qeyd olunmalıdır ki, hazırda magistratura səviyyəsinə qəbul imtahanının iki deyil, bir mərhələdə keçirilməsi ilə bağlı müvafiq imtahanın tarifi azaldılıb, yəni əgər əvvəlki tarifə görə bakalavrlar qəbul imtahanının iki mərhələsi üçün 110 manat ödəyirdilərsə, hazırda bu imtahanın tarifi 50 manat təşkil edir.
Məlumat üçün bildiririk ki, yeni tariflər hələlik qüvvəyə minməyib. Yeni tariflər imtahan iştirakçılarına güzəştlər və digər maliyyələşmə məsələləri ilə bağlı Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək. Qərar layihəsinə əsasən, yeni tariflər qüvvəyə mindikdən sonra da xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar yenə də güzəştli, yəni köhnə tariflərlə keçiriləcək. Yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulub.
Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri
Qeyd: Dövlət qulluğuna qəbul üzrə imtahanların tariflərində dəyişiklik nəzərdə tutulmayıb. Tarif Şurasının bu gün imzalanan müvafiq qərarı ilə sertifikat almış şəxslərin müsahibədə iştirak etməsi üçün ödənişin məbləği müəyyən edilib. Belə ki, “Dövlət qulluğu sertifikatı” olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilib. Yəni il ərzində namizədlər beş müsahibədə ödənişsiz iştirak edirlər. Beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi (35, 40, 45 və 50 manat) miqdarında olacaq. Bu qərar daha çox müsahibələrdə iştirak etmək üçün namizədlərin xaotik və düşünülməmiş seçimlərinə təsir edəcək, həmçinin onların müsahibələrə daha yaxşı və məqsədyönlü hazırlaşmalarına kömək edəcək, eyni zamanda Dövlət İmtahan Mərkəzinin əsassız maddi itkilərə məruz qalmasının qarşısını almış olacaq.