DİN maska taxmayan deputatı cərimələdi – Video

DİN maska taxmayan deputatı cərimələdi – Video

Daxili İşlər Nazirliyi “Four Seasons” otelində vəkillə mübahisə etdiyinə dair videogörüntüləri yayılan deputat Ramil Həsənovu cərimələyib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, dərhal həmin görüntülərlə bağlı araşdırma aparılıb:

“Həmin münaqişədə iştirak edən 8 nəfərin şəxsiyyəti müəyyən edilərək Səbail Rayon Polis İdarəsinə dəvət olunub. Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün millət vəkili Ramil Həsənov və ətrafındakı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Müəyyən edilib ki, deputat Ramil Həsənov  qapalı məkanda tibbi maskadan istifadə etməyib. Vəkil Muxtar Mustafayev isə tibbi maskadan istifadə etdiyi üçün ona yalnız xəbərdarlıq olunub. Orada sadəcə sözlü mübahisə baş verib, tərəflər bir-birinə qarşı hər hansı fiziki təzyiq etməyib”.

Qeyd edək ki, virtual.org saytı bu gün sözügedən oteldə deputat Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənovla evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Müstəqil.Az

 

Share: