DİNDİRSƏN ŞEİR SƏSLƏNƏCƏK

Poeziya… Hisslərin, duyguların, fikirlərin poetik təzahürü…  Hadisələrə münasibətlərin poetik təsviri. Sözün poetik etirafı… Könlünü, ömrünü poeziyaya bağlamaq isə bir başqa duygudu. Yanmaq, sözün istisinə yanmaq…

Bu gün  Azərbaycan poeziyasında  meydan  geniş və eyni zamanda müxtəlif  aspektlərdən görünsə də , bu meydanda boy göstərən şairlər bir o qədər də çox deyil. Hər şair öz şeirlərinin boyu ilə görünür. Hər şair öz şeiri boydadı.  Və hər şair öz şeirinə bənzəyir. Hər şair öz şeirinin rəngindədi.  Mənə elə gəlir ki, şairlər yeriyən şeirdi; Şeirinin səsində və nəfəsində. Şairə  toxunsan şeir yağacaq. Dindirsən şeir səslənəcək… Getdikləri və getmədikləri məkanlarda, hər yerdə şeirdi bu şeir adamlar… Şeir kimi, seirə çevrilən adamlar…

Faiq Balabəyli… Bu şeir adamlardan biri… Varlığı ilə şair adam.  Bir az dalgın, bir az yorgun, bir az …  Bir az narahat şeirdi Faiq muəllim… Duyguları zamanın ətəyindən tutub varlığını şeirlərinə hopdurur.

Arada könlümdən

Ağrı dolu ayrılıqları

Yenidən yaşamaq keçir.

Baxmaq istəyirəm

sevdiklərimin əzabıma

necə dözməyimə..

ürəyi qübarlı,

dodağı papiroslu,

üzü tüklü gəzməyimə.

Baxım görüm,

Necə görünürəm ?

Bu şeirin şərhinə ehtiyac duymuram… Bax şair, yazdığın kimi…

İlk dəfə  bir neçə il əvvəl “Burda darixmaq olmaz” adlı şeirlər kitabı ilə tanıdım. Bilmirəm neçənci kitabı idi.  Kitabdan bir-iki şeir oxuyub, artıq bu şairi oxumaq olar qənaətinə gəldiyimi hiss etdim. Xasiyyətimdi. Ya bu şairi oxumaga davam etməliyəm, ya yox. İlk qənaətim qərar verməyimə səbəb olur.  Şairin  şeirləri danışdı  Faiq məlimin şair  obrazını, həyata münasibətini, tanıtdı dünyaya baxış bucağını. Şeirləri boy-boy göstərdi şairin   düşüncələrini, şair  dünyasını.

Faiq Balabəylinin həyata, sevgiyə, cəmiiyətə ünvanladığı  bir-birindən fərqli, obrazlı şeirləri oxucunu şeirlə baş-başa qoyur…

Yaxşı, yaxın otur, üşütmə məni,

Görmürsən, hissləri yalın gəlmişəm.

Dərdi  yorğan kimi çəkib üstümə,

Kədərdən üst-başı qalın gəlmişəm.

 

Və ya başqa bir mövzu haqqında…

… Adətən darıxmaq mövzusu poeziyada fərqli və eyni zamanda da dəfələrlə işlənib. Bəzən oxucu elə düşünür ki, şairlər ancaq darıxanda şeir yazırlar. Ancaq Faiq Balabəylinin darıxmağı başqa bir darıxmaqdı.  Həyati darıxmaq bə bu darıxmağın harda, hansı məqamda olub –olmayacağından asılı olmamasını və gerçək üzünü göstərir.  Oxucu ilə söhbət etməyi bacarır, düşündürür.

Hər şey belə qalacaq,

Hər şey belə olacaq.

Alnımıza yazılan

Olmayanların hamısı

Zaman-zaman olacaq…

O şeirlər gözəldi ki, oxuyandan sonra paylasmaq istəyirsən. Basqa insanların da o seirlərin həyat esqinə şahidliyini, şeirlərin nəfəsinə isinməyini  istəyirsən. Faiq müəllimin də şeirləri o sıradandı.

 Sənə bir söz deyim,

Amma bu sözümü qərib eləmə.

Xəlvəti baxışla üz ürəyimi,

Amma bu ürəyi öz saplağından
meyvə dərib, eləmə…

Faiq Balabəyli  dənizçidi, dəniz  ogludu. Dənizin vurğunudu.  Bəlkə də seirlərindəki o tufan, etiraz,  Xəzərin dalğalarına səpələnib dənizin havasına qarışmış şair hönkürtüsüdü.  “Kəsilməyən həyacan fiti”adlı kitabında dənizçilərin   20 yanvar faciəsi zamanı Xəzərin qoynunda  həyacanlı, narahat günlərin agrısı   şairin millətinə, vətəninə nə qədər baglılığını ortaya qoyur.

Şairin  şeirləri oxuduqca ürək çırpıntılarını, narahat duygularının sahid oluruq. O gözəl dostdu. Haminin “bizim Faiq” deyə biləcəyi adamdı. O gözəl yurnalistdi. Həmişə hamının yanındadı.  O bir neçə kitab müəllifidi. “Eh, ayrılıq nə yamansan”, “Kəsilməyən həyacan fiti”, “Sənə yazılan şeirlər ”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz ”, “Yaxın uzaq Elazığ”, “Bayıldan bayıra ”, “Yağışdan sonra”…

O böyük ürək sahibidi…

Ancaq uzun illərdən sonra  şairin şeirlərini xatırlayanda “Burda darıxmaq olmaz ” adlı şeirlər kitabı ilə yazıya başlayacağımı düşünməmişdim. Yəqin ki, şeirləri ilk dəfə oxuyan oxucunun  ürəyinə şairin fikirlərinin, düşüncələrinin  yol tapmasının təsirindəndir.

Şair  həyatla addım-addım yol gedir və onun baxışında həyat həqqətələri öz poetik təsvirini tapır. Şairin  şeirlərində obrazlar özünəməxsus formada canlandırılır. Öz poetik, bədii təsvirləri ilə yadda qalır. Və oxucu məhəbbəti qazanır.

Çağdaş Azərbaycan poeziyasında maraqlı və səmimi imzalardan olan Faiq Balabəyli! Sizə yaradıcılıq uğurları arzulayıram! Gerçəkdən də,  sizin şeirlərinizi oxuduqca düşünürsən, nə olur, olsun, burda darıxmaq olmaz!

Mənsurə Qaçayqızı

Şair- publisist

 

 

Share: