Bakıda dini bayraqlarla toy karvanı təşkil edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan görünür ki, maşınlar dini mahnıların müşayiəti altında hərəkət edirlər.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada qeyd edilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
Karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb. Şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.
Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Toy iştirakçılarından olan Füzuli Malıyevin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu məlum olub.
Həmçinin oxuyun: DTX-nin axtardığı 10 nəfər kimdir? – Fotolar
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.