Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən yeni “Diplomatik Protokol Bələdçisi”hazırlanaraq, təqdimat mərasimi təşkil olunub.
XİN-dən -ya verilən xəbərə görə, ADA Universitetində təşkil olunmuş tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri və Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik missiyalarının rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfli Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik missiya üzvlərinin immunitet və imtiyazlarının əks olunduğu “Diplomatik Protokol Bələdçisi” barədə məlumat verib.
40 bölmədən ibarət olan bələdçidə akkreditasiya qaydalarının, vergi və gömrük güzəştlərinin və digər diplomatik immunitet və imtiyazların öz əksini tapdığı vurğulanıb. Bələdçinin elektron formatda və kitab şəklində dərc olunduğu qeyd edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın xarici siyasətinə həsr olunmuş video çarx təqdim olunub.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olmasına, ölkəmizin dərin iqtisadi çətinliklər ilə üzləşməsinə baxmayaraq Ulu Öndərin Azərbaycanda qısa müddətdə siyasi böhrana son qoyulduğunu, 1998-2003-cü illərdə apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin xarici ölkələrin etibarlı tərəfdaşına çevrildiyini və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutduğunu vurğulayıb. Bu baxımdan “Diplomatik Protokol Bələdçisi”nin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi dövründə hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəis müavini Rövşən Hüseynzadə çıxış edərək “Diplomatik Protokol Bələdçisi”ndə əks olunan diplomatik immunitet və imtiyazlar ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.