Faiq Balabəyli
Əsəd Cahagir ömrünün 55 –ni arxada qoydu. Ölkənin tanınmış qələm və söz adamları onun haqqında ürək sözlərini yazdı və yazmadadır. Əsəd bunlara haqq edib. Bu xoş sözlər, onun ədəbi cameəmizdəki fədəkarlığı, obyektivliyi, subyektivli, özünğməxsus şəkildə özünü ifadə etməsinə ona verilən qiymətdi .
Deyim ki, 55 yaşının işığında ona həsr olunan oxuduğum yazıların heç birində sünü boya bir boya görmədim, kim Əsədi necə görüb, necə tanıyıb, necə hiss edib, elə də özünü, münasibətini ortaya qoyub, Ədəbiyyatımızın ƏSƏDinə – şirinə, CAHANGİRinə dəyər verib.
Əsəd haqda bir neçə kəlmə mən də yazmaq istyirəm. Düzdür, bu vaxta qədər onunla bir neçə dəfə mətbuat üçün həmsöhbət olmuşuq, onun fikirlərini öyrənmişəm, müsahibələr etmişəm. Bu yazım isə tamam başqa bir bucaqdan, özümün subyektiv fikirlərimin obyektinə sığışan fikirlərimin qısaca təqdimidir.
Əsədi ilk olaraq mətbuatda, qəzet səhifələrində “gördüm”. Səhv edə bilərəm, ama deyəsən “Ekspress” qəzetində çalışırdı. İmza diqqətə gələn, yaddaşa hopan oldu. Elə o zamandan da adı və imzası mötəbər ədəbi tədbirlərdə qulaqlara gəldi, haqqında bəhs olundu, onun qələmə aldığı yazılara, fikirlərə istinad olundu.
İlk görüşümüz isə Yazıçılar Birliyinə yaxın bir küçədə olub. Üz-üzə gəldik. Salamlaşdıq və o, mənim çoxdan yazdığım və birinci kitabımda dərc olunan şeirimin son bəndini əzbərdən dedi:
Kənddə tay-tuşlarım biçindən gəlir
Soyumun min illik köçündən gəlir
Elə əllərinin içindən gəlir
Məni bəyənməyir şəhər qızları.
Söhbətimiz səmimi alındı və o zamandan bu vaxta qədər də münasibətlərimiz, qələm dostu olaraq salam-əleyklərimiz davam etmədədir. Onun bütün yazılarını oxumuşam, desəm, yanlış olar. Amma əksər yazılarını oxucusu olmuşam və imzası ilə çıxan yazılarını daima izləyirəm. Əsədin təqdimatında bir çox şair və yazıçıların da yaradıcılığına baxmışam, həmin müəlliflərin əsərlərini oxumaqda uduzmağadığımı görürəm. Əsəd sanki qələmi ilə oxucuya, bu müəllifi fə oxu, deyir.
Əsəd tənqidçilərin sırasında artıq öz imzasını çoxdan möhkəmləndirib. Düşünürəm ki, hər kəs istərdi ki, Əsəd onun da ədəbi nümunələri haqda fikirlərini desin. Əminliklə demək olar ki, O, imkan tapdıqca hər kəsi oxuyur. Yaddaşının möhkəm olmasına da heç kəsin şübhəsi olmasın. Xoşuna gələn hansısa şeiri onun yaddaşından silinəcəyinə də inanmıram. Görüşlərimizin birində anama yazdığım şeiri əzbərdən dedi:
Böyütdüyün oğuldan əsər qalmayıb, ana,
Bir quruca nəfəsdir, bir dəki quru əksim.
Nə mən yola gəlnəm, nə də yol gəlir mənə
Nə mən səs eşidənəm, nə sənə çatar səsim.
Qələm dostuma yubileyi ilə əlaqədar ancaq xoş ömür arzulayıram, çox yaşa, xoş yaşa, deyirəm. Və bu kiçik şeiri də onun 55 yaşına bağışlayıram.
Belə qal, kefi kök, damağı da çağ
Qarşında durmasın nə sərhəd, nə səd.
Ürəyin fərəhli, təbinsə bulağ
Səni düşünsünlər, çəksinlər həsəd.
Sən ömrü vermədin, dostum, boşuna
Müdrüklük yaraşdı gənclik yaşına.
Xoş günlər həmişə gəlsin qarşına
Nə həsrət görəsən, nə ələm, nə dərd.
Qələmin qılıncdır sənin əlində
Xoş sözlər cücərir daim dilində.
Doğma vətənində, gözəl elində
Xoş yaşa, çox yaşa, ay əziz Əsəd