Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişik layihəsi müzakirəyə çıxarılıb.
Müstəqil.az xəbər verir ki, layihəyə əsasən Azərbaycanda bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır.
Layihəyə əsasən, qanunun 10.1-ci maddəsinin (Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün) 1.2-ci hissəsində (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə) nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılır.
Qanunun 18.65-ci (Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi) maddəsinə edilən dəyişikliyə əsasən isə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.
Bundan başqa, dəyişiklik layihəsində daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün də dövlət rüsumlarının artırılması nəzərdə tutulub.
Layihəyə əsasən, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum 200 manatdan 250 manatadək artırılır. Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.
Layihəyə əsasən müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb. Qanun layihəsinin məqsədi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiqi üçün rüsumların regionların iqtisadi aktivliyinə uyğun olaraq diferensiallaşdırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, Bakı şəhəri üzrə rüsum 200 manat, digər şəhər və rayonlar üzrə isə 80 manatdır.