“Diqqət edirdim,mən hər dəfə arabaya oturduqda o əsgər mənə nifrətlə,kinlə baxırdı…”- Səbuhi Talıbov yazır

Çox yaxşı yadımdadır, “Gülhane Askeri Tibb akedamiyası” xəstəxanasında idim, ikinci əməliyyatım agır keçmişdi. 18 gün reanimasiyada qaldıqdan sonra süni tənəffüs aparatından ayırdılar və məni ümumi palataya köçürdülər.Artıq ayaqlarımın məni daşımaqdan imtina etdiyinin fərqində idim, amma, nədənsə bu mənə təsir etmirdi,heç bir duyğusal reaksiya verə bilmirdim ,bəlkə də, bunun səbəbi ayaqlarımı hiss etməməyim idi.
Bəlkə də ayaqlarımla eyni anda duyğularım da məndən imtina etmişdi .Mənimlə eyni otaqda bir Türk əsgəri də vardı,onurğasından güllə dəymişdi. Qazi olmuşdu…
Onun da ayaqları ondan imtina etmişdi,amma, hiss edirdim ki,o, bunu qəbul etmirdi, çünki, duyğuları ona sadiq qalmışdı .
Qapı açıldı, həkim heyyəti,fizioterapevt, psixoloq və psixiatr içəri daxil oldular, yanlarında əlil arabasıyla .
Əsgər həkimlərə ağızlarını açmağa imkan vermədi, o, sadiq duyğularıyla çox sərt reaksiyasını bildirdi və ətrafında nə var idisə, qırdı-dağıtdı.
Qəbul etmirdi  əlil arabasını, davamlı bağırırdı…. “Oturmaram o arabaya”- deyirdi .Həkimlər kor- peşman otaqdan ayrıldılar, ondan sonra psixoloq, psixiatr 3 gün dil töksə də, qəbul etmədi.
Bir neçə gün sonra isə artıq sıra mənə gəlmişdi .Qapı açıldı və həkim heyyəti içəri girdilər əlill arabasıyla və mənə: 
– ” Səni arabaya oturtmaq istəyirik”- dedilər.
Heç bir reaksiya vermədən razılığımı bildirdim.Həkimlər isə mənim bu səssiz razılıgama təəcüblənmişdilər.
Çünki 3 gün öncə qarşılaşdıqları mənzərə fərqli idi.Məni yatağımdan qaldırıb arabaya oturtdular, sadəcə 5 dəqiqə otura bildim, uzun müddət yataqda oldugum üçün oturduqda təzyiqim düşdü .
Açıgını desəm arabayla baglı, tək narazılığım rənginin qırmızı olması idi .Təkərində problem var ,deyib arabanı dəyişmələrini xahiş etdim.
Dəyişib başqa bir araba gətirdilər ,onun da rəngi qırmızı idi.Aradan 4-5 gün keçdi ,artıq arabada 25-30 dəqiqə otururdum,diqqət edirdim,mən hər dəfə arabaya oturduqda o əsgər mənə nifrətlə,kinlə baxırdı.Bir gün arabaya oturub onun olduğu yatağa tərəf getdim, mənə kin və nifrətlə baxışının səbəbi önəmliydi .Yanına yaxınlaşdıqda mənə ” sən niyə arabaya oturdun” sualını verdi və ” mən heç vaxt oturmayacam” dedi…
Anladım ki,onun kini, nifrəti mənə deyil,taleyinə idi .
“Əgər bu arabaya oturmaq istəmirsənsə,onda qalx, gəz”- dedim, susdu. Heç bir şey demədi .Onu anlayırdım, çünki asan deyil bu arabaya oturmaq… O əlill arabası sadəcə səni daşıyan mexanizmdən ibarət deyil,o arabaya oturmazdan öncə gərək ilk öncə sən onu daşıyacaq gücə malik olmalısan.
Yəni ikiniz qarşılıqlı olaraq bir- birinizin yükünü daşımalısız.
Onunla aramdakı kiçik dialoqdan sonra yerimə uzandım və yatdım. Oyandıqda gördüm ki, arabam yanımda deyil. Baxdım ki, həmən əsgər arabama oturub sürür, hətta ag.ğzıyla maşın səsi çıxarırdı, o kin, nifrətdən əsər yox idi,hətta nədənsə çox sevincli idi,o, ən agır yükünü taleyinə olan nifrətini ,kinini,isyanını çiyinlərindən atmışdı,artıq əlil arabasının yükü ona agır gəlmirdi.
Anlamışdı ki, bir gün gəzmək istəyirsə, o arabaya oturmalıdır,bu onun istəyinə bağlı deyil, onun məcburiyyətidir. Necə ki, nərdivanın ən üst pilləsinə qalxmaq istəyirsənsə, gərək ilk pilləsindən başlayasan…
Səbuhi Talıbov
Müstəqil.Az
Share: