Divar qurtardı, Paşinyan…

Divar qurtardı, Paşinyan…

Hər dəfə Ermənistanın baş naziri Nikol Paşinyanın qütblərarası uğursuz manevrlərinin, daha dəqiq desək, geosiyasi vurnuxmalarının yeni rəng və çalarlarını müşahidə edəndə şair Salam Sarvanın məşhur misralarını xatırlayıram:

“Orda qapı yoxdu, niyə döyürsən

Divara çəkilmiş qapı şəklini…”

44 günlük müharibənin nəticələrindən yetərincə dərs çıxara bilməyən, ölkəsinin mövcud vəziyyətdən – əyri dalandan yeganə çıxış yolunun Azərbaycanla münasibətlərin normalaşmasından keçdiyi həqiqətini yaxına buraxmaq istəməyən, yaxud buna məcbur edilən, erməni diasporunun “könlünü almaq” üçün üyüdülən vədlərin rəngli görüntülərinə qapılıb dörd bir yanını saran sədlərin, divarların sonunda “qapı” olduğuna ümid bəsləyən Paşinyan hər dəfə xəyal qırıqlığına uğrayanda son ümidini özgə qapılarına – telefon zənglərinə bağlayır. Və sonra yenə də geosiyasi illüziyalarının divarlarına hörülən “son ümid daşları”nı gerçək saya-saya “qapı” axtarışına çıxır. Onun axtardığı yerdə isə nəinki “qapı”, hətta “pəncərə” də və bəlkə heç “nəfəslik” də yoxdur.

…Son bir neçə ay və əsasən, son bir neçə gün ərzində baş verənlər, artıq Ermənistan və onun ambivalentik siyasi yerdəyişmələri ilə ortalıqda qalan baş naziri üçün illüziya “divarları”nın da sonunun çatdığını göstərir. Yəni indi “orda” nəinki qapı, heç divar da yoxdu…

“Ərəbi ölmüş dəvə”

Bir neçə il öncə milyonlarla insanın faciəsinə səbəb olan “ərəb baharı”ndan vəcdə gələnlər və gəlməyənlər üçün ortaq görüş təşkil edən diplomatlardan birinin “Dəvəsi ölmüş ərəb” misal-tezisinə “Ərəbi ölmüş dəvə” antimisal-tezisini xatırlatmışdım. İzahını soruşanda “ərəb baharı”ndan cuşa gələnlərin son nəticədə ortalıqda qalacaqlarını, yaxud “noxta”larının tez-tez əl dəyişəcəyini demişdim. Eynilə Ermənistan və Nikol Paşinyan kimi. Axı Nikol, qurama təsiri bağışlasa da, “rəngi inqilab” uşağıdır. Amma bu “inqilab”ın gerçək rəngini hələ də sonunadək müəyyənləşdirən bilən olmayıb.

Zənnimcə, 2018-ci ildə Ermənistanda baş verənləri “bel çantası inqilabı” adlandırmaq daha doğru olar. Zatən Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistanı “belinə yükləyib” qütb-qütb gəzdirməklə məşğuldur.

Kəsəsi, bütün bu “qapı” axtarışları, sağa-sola, irəli-geri vurnuxmalar Ermənistanın və Paşinyanın ortalıqda, yiyəsiz, sahibsiz qalması ilə nəticələnib. Mənzərə göz qabağındadır:

Nikolun guya yeni və hiyləgər bir üslub kəşf edibmiş kimi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı Fransa və digərlərinin iştirakı ilə düzənləməyə çalışdığı, qondarma iddialardan və buna uyğun məzhəkə səhnəciklərindən ibarət kütləvi “saçyoldu”, “üzcırdı”, “vayşüvən” kampaniyaları da rəsmi İrəvanın digər gedişləri kimi, bu “qazanı” qaynadanların arzu və istəklərinə uyğun sonuclanmadı. Ermənistanın, erməni diasporu və lobbisinin “pay-püş” etdiyi “dəsmallar” Fransa və digər ölkələrin siyasətçiləri tərəfindən bir neçə dəfə isladılıb sıxıldıqdan sonra bəlli oldu ki, Moskva həqiqətən də göz yaşlarına inanmırmış… 

Bəli, Rusiya Prezidentinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyü üzərindən itirilən mövqelərini bərpa etməyə çalışanları çilədən, Ermənistanı isə “son ümid” çiləsindən çıxartdı – qırxı çıxdı, yəni…

Bundan öncə isə “belə çantası” ilə hakimiyyətə gəlişinin qarşılığında bölgəni regiondankənar güclərin plasdarmına çevirmək kimi ölkəsinin üzərinə “başından böyük” öhdəliklər götürən Nikol Paşinyanın ən müxtəlif vasitələrlə, o cümlədən ənənəvi “məzlum” maskası altında “timsah göz yaşları” axıtmaqla Azərbaycana qarşı kökləməyə çalışdığı ölkələr də yönünü köynəyindən daha tez-tez dəyişən baş nazirə yerini göstərdilər. Hətta İran da Ermənistana qapı göstərdi, amma döymək üçün yox, getmək üçün…

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də “kölgələnən” qondarma rejimin qırıntıları arasında oynanılan bəsit “istefa” və “seçki” oyunları da, “humanitar şou” kimi işə yaramadı. Paşinyanın missiyasına arxalandığı Avropa İttifaqı qondarmaların qondarma seçkilərini tanımadığını bəyan etdi. Bu məsələdə Birləşmiş Ştatlar da Aİ ilə eyni mövqe sərgilədi və Ermənistanın baş nazirinin son zamanlar başı ilə döydüyü bütün “qapı”ların sadəcə şəkil olduğu bir daha gün işığına çıxdı. Son bir neçə ay ərzində çeşidli təxribat ssenariləri ilə bir dairədə yan-yana gətirilən illuziya qırıntıları “bel çantası inqilabı” kimi vahid rəng ala bilmədi və çilik-çilik olmuş geosiyasi kaleydoskopun çeşidli rənglərdən ibarət şüşələri kimi adını dəyişsə də mahiyyəti dəyişməyən “Teatr meydanı”na səpələndi.

Paşinyanın Hindistana olan güvənci də G20-nin (“Böyük iyirmilik”) Dehlidə keçirilən sammitində rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasına bəslədiyi ümidlər kimi boşa çıxdı. Bəlli oldu ki, Cənubi Qafqazdan, təxminən 4500 km uzaqlıqda yerləşən, regiona təsir imkanları müzakirə predmeti olmayan Hindistanın nişan verdiyi “qapı”nın hətta şəkli belə yox imiş…

Rusiya Prezidentinin Şərq İqtisadiyyat Forumunun plenar iclasında söylədiklərini isə Nikol Paşinyanın geosiyasi vurnuxmalarının, 180 dərəcəlik manevrlərinin, rabitəsiz gedişlərinin və təxribatlarının məntiqi sonluğu kimi qiymətləndirmək olar.

Sitat: “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzrərində suverenliyini tanıyıb”. Vəssalam! Divar qurtardı, Paşinyan!

Elçin Mirzəbəyli


Share: