Dmitri Belyakov: “Ermənistan hətta Avrasiya İqtisadi İttifaqı üçün problemli üzvdür”

Dmitri Belyakov: “Ermənistan hətta Avrasiya İqtisadi İttifaqı üçün problemli üzvdür”

“Belarus rəsmiləri Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ilə bağlı hansısa müzakirələr aparmırlar”.

Bu barədə belaruslu politoloq, AİB-yə üzv Dövlətlərin İnteqrasiya Perspektivlərinin Öyrənilməsi Mərkəzinin direktoru Dmitri Belyakov Oxu.Az-a açıqlamasında danışıb.

Politoloq qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ittifaqa daxil olan ölkələrin Ermənistana təzyiq göstərməsi ilə bağlı bəyanatları həqiqətən təxribat xarakterlidir.

Dmitri Belyakov bildirib ki, əslində Ermənistan hətta AİB üçün problemli üzvdür:

“Çünki bu ölkə xarici və daxili siyasətində Qərb dövlətlərindən asılıdır. Mən, həmçinin hərbi bioloji laboratoriyaların mövcudluğunu da qeyd etmək istərdim ki, onların işi çox şübhəlidir.

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyukun ermənilərin ittifaq dövlətinin inkişaf etdirilməsində maraqlı olmalarına dair bəyanatına gəldikdə isə, təbii ki, Ermənistan Respublikasının sadə vətəndaşları öz dövlətlərinin mütərəqqi, sakit inkişafını istəyirlər. Bu da Ermənistanın AİB-də tamşəkilli iştirakı olmadan mümkün deyil.

Təbii ki, Rusiya ilə Belarus arasında yaxşı qurulmuş qarşılıqlı əlaqələr də mövcuddur ki, bu da erməni biznesi üçün cəlbedici görünür. Fikrimcə, Belarus diplomatının sözləri də məhz bununla izah oluna bilər. Amma heç bir halda bu, o demək deyil ki, Belarus tərəfi hansısa şəkildə Ermənistan daxilindəki siyasi vəziyyətə təsir edir və İrəvanı AİB-yə qoşulmağa məcbur etmək məqsədi güdür.

Fikrimcə, hazırda AİB üçün bunun heç bir mənası və faydası yoxdur. Ermənistanda daxili vəziyyət kifayət qədər ziddiyyətlidir və əgər Ermənistan qoşularsa, bu, ittifaq daxilində böyük problemlər yarada bilər.

Mənə elə gəlir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür informasiya dalğası ilə bağlı vəziyyəti çox dəqiq təsvir edib. Bu informasiyaların hazırlanmasında sözsüz ki, xarici oyunçuların da əli var. Peskov bu məlumatların təxribat xarakterli olduğunu bildirdi, lakin onları başqa cür qiymətləndirmək də sadəcə olaraq mümkün deyil. Və heç kim, xüsusilə də Belarus rəsmiləri Ermənistanın AİB-yə daxil olması ilə bağlı hansısa müzakirələr aparmır”, – deyə Dmitri Belyakov qeyd edib.

Politoloq əlavə edib ki, ümumilikdə Ermənistan rəhbərliyi tərəfindən verilən bu cür bəyanatlar həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də AİB çərçivəsində sabitliyi pozmaq cəhdi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu cür bəyanatlara çox diqqətlə yanaşmaq və aydın şəkildə cavablandırmaq lazımdır.

Belyakov, həmçinin erməni müxalifətinin Moskvanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı bəyanatları ilə bağlı da fikrini bildirib və bunu axmaqlıq adlandırıb:

“Mən bunu böyük axmaqlıq kimi xarakterizə edə bilərəm. Əslində, dediyim kimi, Ermənistanda xarici oyunçular var – bunlar Fransa, ABŞ, Böyük Britaniyadır. Əgər təşəbbüskar kimi elə məhz Qərb dövlətləri göstərilsəydi, o zaman dövlət çevrilişi ilə bağlı fərziyyələr əsassız olmazdı. Nikol Paşinyan və İrəvanda olan elitalar bölgədəki vəziyyəti radikallaşdırmamağa çalışırlar. Amma Ermənistanla Azərbaycan arasındakı razılaşmalar elə məhz Qərb üçün son dərəcə əlverişsizdir.

Rusiya isə Ermənistan-Azərbaycan münasibətlərinin və Qarabağdakı vəziyyətin nizamlanmasında maraqlıdır. Moskva Ermənistanla iqtisadi inteqrasiya proseslərinin dərinləşdirilməsi marağındadır. Deməli, Ermənistandakı “dövlət çevrilişi məsələsi”nin İrəvandakı Qərb səfirliklərinə və regionda sabitliyin pozulmasında maraqlı olan Qərb elitasına ünvanlanması daha yaxşı olardı”.

Nair Əliyev

Share: