Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.
DMX-dən Axar.az-a verilən məlumata görə, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddətinin 2020-ci il iyulun 5-i saat 06:00-dan iyulun 20-si saat 06:00-dək uzadıldığı qeyd olunub.
Məlumat verilib ki, xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonu ilə yanaşı, Goranboy, Göygöl, Mingəçevir şəhərləri, eləcə də Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarını da əhatə edir. Bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi hazırda tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək. Daha ətraflı bu linkdən tanış olmaq olar.
Bu tarixlərdə DMX-nin (012) 919 – Çağrı Mərkəzi də həftə sonları (iyulun 4 və 5-də, iyulun 11 və 12-də, iyulun 18 və 19-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
Həmçinin qeyd olunub ki, Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsindən imtina edilmiş, belə icazəsi ləğv edilmiş əcnəbilərin ölkəni tərk etmələri üçün həmin qərarda göstərilən müddətdən asılı olaraq, avtomatlaşdırılmış qaydada onların müddətləri 30 və 60 gün uzadılır. Belə şəxslər eyni zamanda, onlara verilən müddətdə müvəqqəti və daimi yaşamaq üçün icazə ilə bağlı sənədlərini yenidən təqdim edə bilərlər.
Müstəqil.Az