Doğma Dərbənddə şair,jurnalist Nəriman Ağasıyevin xatirə gecəsi keçirildi…

24 May ,2019-cu il   Ozanlar diyarı, ərənlər bəxş etmiş ulu torpaq, dahi şəxsiyyətlərin məskəni Ulu, Qədim, Dəmirqapı Dərbənddə  şair,  Azərbaycan dilini xırdalıqları ilə nəzmə çəkən söz ustası, söz sərrafı, jurnalist Nəriman Hacı oğlu Ağasıyevin xatirə gecəsi keçirildi.
Nəriman Ağasıyev uzun illər Dərbənddə çıxan “Leninci”, indiki “Dərbənd” qəzetində baş redaktor vəzifəsində çalışmışdır. Özünü xalqa sevdirməyi bacaran, insanlığı ilə böyük rəğbət qazanmış bu insan onun şeirlərini oxuyan hər kəsin də ürəyində oz yerini tapa bilib. Bu gün, onun necə bir şair, necə bir insan olduğu  işığına yığışan dostlarının, tanıyanların onun haqqında dediyi dəyərli sözlərdən bir daha aydın idi.
Gecəni Rusiyanın, Dağıstanin Yazıçılar Birliyinin Azərbaycan bölməsi və Dərbənd şəhər mərkəzi kitabxanası birgə təşkil etmişdilər. Gecədə şairin oğlu Mərdan Ağasıyevin iştirakı təşkilatçılara böyük bir ərməğan oldu. Xatirə gecəsinin gözəl və yaddaqalan keçməsində Azərbaycan Dövlət Dram teatrının Dərbənddə fəaliyyət göstərən 1, 4 , 8 saylı məktəblərinin və 6 saylı internat məktəbinin şagirdlərinin də böyük rolu oldu.
Tədbirdə Dərbənd yazarlarından Tahir Saleh, Təhmiraz Imamov. Fəxrəddin Oruc, Zeynəb Dərbəndli,Rüstəm Bəhlulzadə, Dərbənd Şəhər Gənclər İdman, Mədəniyyət mərkəzinin baş təsisçisi  Gülpəri  Mirzəbalayeva, Azərbaycan Dövlət teatrının rejissoru, Dağıstan Respublikasının əməkdar işçisi Yaqut Xandadaşova, Dərbənd rayonunun birlik komitəsinin baş təsisçisi Fətulla Fətullayev, AZƏRROSUN sədri, dəyərli jurnalist Telman Tahirli , Məktəb müəllimləri,  Səmayə Əlibəyova,  Səlimə İsayeva, Esmira müəllimə, Dilarə Seyidova və başqaları iştirak etdilər.
Tədbirdə şairin sözlərinə bəstələnmiş və onun çox sevdiyi mahnılar da ifa olundu. Öz gözəl və məlahətli səsləri ilə Dağıstan Respublikasının əməkdar artistləri Əlimöhsum Abbasov, Sevda Bəybalayeva, Məhərrəm Ömərov, artistlərdən Kəmalə Rzayeva, Diləfruz Şıxməmmədova gecəyə xüsusi rəng qatdılar. Şairin “Mənim qırx qardaşım var” şeirini gənc ve istedadlı aktyor Sərxan Səmədov ustalıqla söylədi. Onunla bağlı xatirələr səsləndi.
Tədbir   Zeynəb Dərbəndli, Diana Əliyeva və Fəxrəddin Orucun əməyi sayəsində təşkil olunmuşdu.
Əməyi keçən   və  tədbiri gözəlləşdirən sənət adamlarına təşəkkür edir,şairə   Ruhun şad olsun deyirik.
Zeynəb Dərbəndli
(Dərbənd)
Müstəqil.Az
Share: