Doğum günün mübarək, kitabın qüdrətinə inanan insan!
Çox gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, mədəniyyəti, işgüzarlığı, bacarığı, istedadı ilə özünə hörmət qazana bilib. Son vaxtlar ara-sıra yazsa da, bir zamanlar ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayırdı. Fəaliyyətini dəyişib nəşriyyat işinə başlayandan daha möhtəşəm görünür. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi Azərbaycan tarixində öz izini buraxıb…
Ötən illər ərzində Amerikada kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsiz verilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Burada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətləri müqaisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, daha geniş fəaliyyətinə yol açmaq lazımdır…
Deyir ki,- “İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir”…
Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…
Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub. “Dünya biz bildiyimizdən daha gözəldir”- söyləyir…
Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin böyük rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük rolu olub…
Deyir ki,- “Mən kitab satışı ilə mənfəət əldə edib varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm”…
Bəli, dünya biz bildiyimizdən daha gözəldir. Nəyisə dəyişə bilmirsənsə ona münasibətini dəyişməlisən. Düşüncələrində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan