Doğum günün mübarək, ULUCAY AKİF!

Doğum günün mübarək, ULUCAY AKİF!

“Rastıma çıxan hamını oxuyuram. Şeirləri və şairləri müqayisə etməyi sevmirəm. Hərə bir qərəz, qeyri-obyektivlik, dostbazlıq axtarır belə suallara cavab verəndə. Kimin gözəl şeirini, yazısını oxusam, özünə  yazıram, zəng edirəm, fikrimi bildirirəm. Tanıyanlar bilir ki, təkcə bu yox, bütün məsələlərdə qısqanclıq və paxıllıqdan uzaq adamam. Təki gözəl şeirlər, yazılar yazılsın, biz də oxuyaq. Fərqi nədi kim yazdı?!”

Ulucay Akif bir müsahibədə bunları deyir. Bax, buna görə onu belə çox istəyirəm, qəlbi işıqlı olduğuna görə. Ürəyində günəş olmasaydı onda, o, soyuq qış günündə, çox çətin anlarımda, kimsənin görmədiyi və ya görmək istəmədiyi məni görməzdi ki… Aramızda böyük yaş fərqi olsa da, mənə təsəlli vermişdi. İndi ömrüm boyu unutmayacağım, onda məni yerdən göyə qaldıran o məktubu olduğu kimi Sizə  çatdırıram:

“Salam, Mina xanım. Necəsiniz? Allah həmişə kömək olsun sizə. Möhkəm olun. Bizə yazılarınızı göndərin, yayımlayacağıq. Çalışacam qonorar da yazım. Düzü yüksək məbləğ təəsssüf ki, alınmayacaq, amma yenə də.”

Aradan çox az vaxt keçdi və Uca Allah mənə gözəl bir iş qismət elədi. Amma dünyanın harasında olsam mənə o çətin anlarımda bircə kəlmə xoş sözü belə ürəklə deyən, mayası yaxşılıqdan yoğrulan, İNSAN olan Ulucay Akif kimi adamları heç vaxt unutmaram. İstəyirəm, hamı bilsin, xüsusilə də, o hamının içində nədənsə bu gün daha çoxluq təşkil edən paxıl adamlar eşitsinlər ki, elədiyi bütün yaxşılıqlar hansı formada, hansı şəkildəsə insanın özünə qayıdır, yaxşılıq eldiyin adamın sevincindən sənə də pay düşür və sən yaxşılıqla, xeyirxahlıqla xoşbəxt olursan. Bəli, mən xoşbəxtliyi belə görürəm, inanmıram könül sındıran, başqalarının haqqını talayan, ayrı-seçkilik eləyən, ancaq gözəlçələri, qulbeçələri əzizləyən adamların xoşbəxtliyinə. İnanmıram onların ürəkdən gülümsəməyinə… Elə Ulucayın söylədiyi kimi

bir güllə dənizə
bir güllə buluda
bir güllə də günəşə atın
gücünüz çatırsa onları öldürün
insanları öldürməyə nə var ki?!

Doğum günün mübarək, Ulucay Akif! Sənə nə arzulayım, O Mehriban, O Adil, O Qadir olan Uca Allah ürəyincə versin. Sənin də qarşına daha çox yaxşı adamlar çıxsın, çünki onda yaşamaq da asan olur….Xoşbəxt olasan həmişə…

Mina Rəşid

 

 

Share: