Donald Tramp onula eyni gündə anadan olub

Hər millətin danışdığı öz ana dili vardır, hər dilin də əlifbası. Hər hansı bir dildə ifadə olunan fikir və ya yazılan mətn əcnəbilərə də çatsın deyə hökmən tərcümə olunur. Amma hər kəsin anladığı, tərcüməyə ehtiyacı olmayan iki dil də vardır- rəsm və musiqi…

Rəsm yeddi rənglə özünü ifadə edirsə, musiqi yeddi notla danışır. Bəli, hansı dildə düşünməsindən asılı olmayaraq hər kəs rəsm və musiqini anlaya bilir…

Bu gün sizə yaratdığı musiqi əsərləri ilə insanlarla danışa bilən bir bəstəkardan söhbət açmaq istəyirəm. Cəmi bir dəfə görüşsək də, onu çoxdan, lap çoxdan tanıyıram. Yaratdığı musiqi nümunələrini sevə-sevə dinləməyə başlayandan. Bir də ki, Mir Həşim Sadıqova olan sədaqətindən…

Deyir ki,- “Mən heç vaxt geriyə baxıb keçmişdə olanları xatırlamıram. Bu günlə yaşayıb, gələcək barəsində düşünürəm”…

Nikbin insandır. Lap elə onunla eyni gündə doğulan Donald Tramp kimi…

Çox danışmağı xoşlamır, yüksək mədəniyyəti, kübarlığı ilə seçilir. İnanclılar nahaq yerə seyyidlərə “ağa” demirlər ki…

Necə deyərlər, peyğəmbər nəslindəndir. Xarizmatik olsa da, eyni zamanda həlim adamdır. Yaşı yetmiş üçü ötür, amma gənclik həvəsi ilə yaşayıb yaradır. Dostluqda sədaqətli, ünsiyyətdə mehribandır…

Haqqında danışdığım adam Mirfaiq(Faiq) Miri oğlu Sücəddinovdur. 1947-ci ildə dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində oxuyub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarliq fakultəsini bitirib.
2006-cı ildə ona “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adı, 2007-ci ildə isə “Şöhrət” ordeni təltif edilib. 2015-ci ildən Prezidentinin fərdi təqaüdünü alır…

Bayaq dediyim kimi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla eyni gündə anadan olublar. Amma Tramp ondan bir yaş böyükdür. Bu gün Tramp hakimiyyətdə olsa da müvəqqətidr. Fəqət xalq arasında Faiq Sücəddinov kimi tanınan Mirfaiq Miri oğlunun yaratdığı əsərlər isə İsrafil mübarək SURunu dilləndirənədək yaşayacaq…

İyunun 14-də bu gözəl sənətkarın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
73 yaşınız mübarək, SƏNƏTKAR!
Necə deyərlər, cəddinə qurban olum!..

Elman Eldaroğlu

Share: