Donanma HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-la Çin dəhşətli mühaibəyə doğru

Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına icazəsiz soxulub.

Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Çinin Müdafiə Nazirliyinin nümayəndəsi U Syan bildirib.

O təsdiq edib ki, “USS Antietam” raketləri ilə təchiz edilən “USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan gəminin daxil olduğu donanma qrupunu göndərib.

Müdafiə Nazirliyindən qeyd ediblər ki, Amerika hərbçiləri Sişa adaların akvatoriyasını tərk etmək barədə xəbərdarlıq alıblar.

“Amerika gəmilərinin növbəti manevrləri təxribatdır, həmçinin Çin qanunları və beynəlxalq normalara ziddir. ABŞ-ın hərəkətləri Çinin ərazi müstəqilliyinin ciddi pozuntusudur. Bu, iki ölkənin silahlı qüvvələri arasında strateji qarşılıqlı etimadı, həmçinin müvafiq dəniz zonasında sülh və sabitliyi pozur”, – U Syan vurğulayıb.

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinin nümayəndəsi Kristofer Loqan isə bildirib ki, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri gəmiçiliyin azadlığı haqqında beynəlxalq qanunvericilik çərçivəsində Cənubi Çin dənizində hərəkət edir.

“ABŞ-ın gücləri gündəlik əsaslarda Asiya-Sakit okeanı, həmçinin Cənubi Çin dənizi regionunda hərəkət edir. Bütün hərəkətlər beynəlxalq qanunvericiliyə uyğun olaraq yerinə yetirilir və göstərir ki, Birləşmiş Ştatlar qanunla icazə verilən hər yerdə hərəkət edəcək, uçacaq və üzəcək”, – Loqan deyib.

Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.

2016-cı ilin iyulunda Filippinin iddiası üzrə Haaqa Arbitraj Məhkəməsinin daimi palatası qərara alıb ki, Çin Cənubi Çin dənizində ərazi iddiaları üçün əsaslara malik deyil. Çin arbitrajın qərarını tanımayıb.

Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.

Bu ayın əvvəlində Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalının xəbərinə görə, Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini gizli qurub.

Share: