Dörd ayın ümumiləşdirilmiş hesabatı – Seymur Baycan yazır…

Dörd ayın ümumiləşdirilmiş hesabatı – Seymur Baycan yazır…

Kulis.az Seymur Baycanın yeni yazısını təqdim edir.

Futbolçu tullanırsa, harasa düşməlidir.


Elmar Baxşıyev


“Qəbələ” komandasının baş məşqçisi.

May, iyun, iyul, avqust aylarını, əsasən, yerli ədəbiyyatı oxumaqla keçirdim. İndi bu partiyada aldığım təəssüratları, belə demək mümkünsə, müşahidələrimi olduqca ümumiləşdirilmiş tərzdə yazmaq istəyirəm. Görək alınacaqmı? Məncə, alınacaq.

1. Müəlliflər təbiətə bəy tərifi vururlar. Demirəm təbiəti çox təsvir edirlər, deyirəm təbiəti çox tərifləyirlər. Axı nə qədər başı qarlı dağları, buz bulaqları, nərgizli dərələri, laləli təpələri, quzuqulağını, bağayarpağını, xəzrini, gilavarı, qumlu sahilləri, dalğaları, ləpələri tərifləmək olar? Açığı, burda bir az da görməmişlik əlamətləri var.

2. Obrazlar çox çay içirlər. Bəziləri çay içə-içə nərd oynayırlar. Deyəsən, çay məclisi təşkil etmək obrazları bir yerə yığmağın, obrazları danışdırmağın ən asan yollarından biridir. Müəlliflər də bu yoldan gen-bol istifadə ediblər.

3. Obrazlar çox aş yeyirlər. Özü də zəfəranlısından. O bunu evinə zəfəranlı aş yeməyə dəvət edir. Bu onu evinə zəfərənlı aş yeməyə çağırır. Elə bil onların arasında yarış keçirilir. Görək kimin evində daha yaxşı aş dəmlənir. Görək kimin arvadının əl qabiliyyəti yaxşıdır. Oxuduğum əsərlərin əksəriyyətində aş məclisinə rast gəldim. Obrazlar aş yemək üçün bəhanə axtarırlar. Hər kiçik bir hadisəni əldə əsas tutaraq aş dəmləyirlər və qohum-qonşunu qonaq çağırırlar. Qohum-qonşular da yaranan bu fürsətdən istifadə edərək çağırılan yerə itli-pişikli qonaq gedirlər…

Uşaq bağçaya gedir, aş dəmləyirlər. Uşaq məktəbə gedir, aş dəmləyirlər. Uşaq tarix dərsindən beş alır, yenə aş dəmləyirlər. Kişiyə işdə mükafat verirlər, evdə aş dəmlənir. Kişinin vəzifəsini yüngülvarı qaldırırlar, evdə aş dəmlənir, məclis qurulur. Maşın alırlar, aş dəmlənir. Təzə evə köçürlər, aş dəmlənir. Arvad təzə üzük alır, aş dəmlənir. Arvad təzə paltar alır, aş dəmlənir. Ta elçilik, nişan, xınayaxdı, üçgünlük, qırxgünlük, mingünlük kimi mərasimlərdən danışmıram. Onlar aydın məsələdir. Onlar haqqında danışmağa ehtiyac yoxdur.

Ümumiyyətlə, obrazlar çox rahat və şən görünürlər. Nədir bu rahatlığın səbəbi? Məncə, bu rahatlığın əsas səbəbi düşüncə dayazlığıdır. Onlar düşünmürlər, ona görə də çox rahat və şəndirlər. Onların arzuları, istəkləri məişət sərhədlərindən kənara çıxmır. Bəşəri hisslər, bəşəri kədər və dərdlər onlar üçün tamamilə yaddır.

4. Əsərlərdə çoxlu geoloqlara rast gəldim. Əslində, “geoloqlara rast gəldim” deməklə bir az yalana yol verdim. O mənada ki, əsərlərdə geoloqlar gözə görünmürlər. Geoloqların üzün görmək, səsin eşitmək, arzuları, istəkləri, xasiyyətləri ilə tanış olmaq çətin məsələdir. Demək olar, mümkünsüzdü. Müəlliflər, əl-ayağa dolaşmasınlar deyə geoloqları dağlara axtarışlar aparmağa göndərirlər. Beləliklə əsəri oxuyanda sənə, yəni oxucuya yalnız o məlum olur ki, filankəsin oğlu, filankəsin qızı geoloqdur və bu qız, bu oğlan hansısa dağda axtarışlar aparmaqdadır. Vəssalam. Bir oxucu kimi geoloqlar haqqından bundan artıq heç nə öyrənə bilməzsən. Görəsən, bu qədər geoloq dağlarda nə axtarırmışlar? Görünür geoloq bir vaxtlar çox hörmətli peşə imiş.

5. Müəlliflər əsərlərdə həddindən artıq sevgi mövzusuna müraciət ediblər. İşin təhlükəli tərəfi ondan ibarətdir ki, müəlliflər sevgi prosesini şişirdirlər, sevgini bir növ ilahiləşdirirlər.

Məsələn, “Həyat səhifələri” əsərində oxuyuruq:

“Açıq sinəsini sinəmə sürtüb ikiəlli boynumu qucaqladı. Az qala yumru döşləri sinəmi deşəcəkdi”.

Göründüyü kimi burda müəllif futbol şərhçilərinin təbirincə desək, açıq-aşkar prosesi şişirdib. İndi kiminsə döşü kiminsə sinəsini deşməsə, onlar, əlbəttə ki, özlərindən narazı qalacaqlar. Özləri haqqında pis fikirlərə düşəcəklər. Düşünəcəklər ki, onların sinəsində, döşündə nəsə problem, nöqsan var. Əks halda, qucaqlaşanda birinin döşü o birinin sinəsini deşməli idi.

Şəxsən mən, hər şeydən əvvəl bir oxucu, bir vətəndaş kimi əsərlərdə sevgi prosesinin şişirdilməsinin, ilahiləşdirilməsinin qəti əleyhinəyəm. Bunu bir dəfə yazmışam indi fürsət yaranıb bir daha yazmaq istəyirəm.

Geniş götürsək, məsələyə geniş baxsaq sevgi insanları bayağılaşdırır, insanları avaraçılığa, tənbəlliyə vadar edir. Əgər əlimdə geniş bir səlahiyyət olsaydı məmnuniyyətlə ciddi rejimli islah-əmək düşərgəsi yaradardım. Düşərgənin giriş qapısının üstünə iri qırmızı hərflərlə “Əmək müalicə edir” sözlərin yazardım. Sevgi mövzusunda şeir, hekayə, roman yazan şair və yazıçıları, sevgi mövzusunda film çəkən rejissorları, sevgi mövzusunda mahnı bəstələyən bəstəkarları ciddi rejimli islah-əmək düşərgəsinə göndərərdim. Qoy gedib orda daş daşısınlar, soğan, kartof, kələm, çuğundur əksinlər, çala qazsınlar, yun çırpsınlar, nə bilim, qoyun otarsınlar, qaz, ördək saxlasınlar. Cəmiyyətə, bəşəriyyətə bir xeyirləri dəysin. Sevgi mövzusunda axmaq-axmaq əsərlər yazıb camaatın başın xarab eləməsinlər.

6. Müəlliflər əsərlərdə mütləq kimisə evləndirmək istəyirlər. Tutaq ki, kimsə, X. adlı bir allah bəndəsi başqa bir yerdə, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Qazaxstanın hansısa şəhərində özünə pis-yaxşı bir həyat qurur. Özü üçün pis-yaxşı orda yaşayır.

Bahooo, nə danışırsan, heç belə şey olar. Müəlliflər min hoqqa, min əməl çıxarıb X. adlı Allah bəndəsini geriyə qaytarırlar. Gah yazırlar ki, anan ölüm ayağındadır. Gah yazırlar ki, atan ölüm ayağındadır, son nəfəsində səni görmək istəyir. Gah yazırlar ki, həyətin hasarı uçub, bir oğul, bir övlad kimi həyətin uçmuş hasarını məhz gəlib sən düzəltməlisən.

Xülasə, min oyundan, min hoqqadan çıxıb özünə pis-yaxşı həyat qurmuş X. adlı Allah bəndəsini geriyə qaytarıb pıspısaya oxşayan bir qızla evləndirirlər.

Şark Hamam Böceği İlaçlama - BocekVar (0242 512 40 45)

X. adlı Allah bəndəsini bədbəxt edib, özlərinə oxşatdıqdan sonra hamı (həm müəllif, həm də obrazlar) dincəlir, hamı rahat olur və bütün bu prosesə “ata ocağı, ata yurdu boş qalmadı, ata ocağında çırağ yandı” adı qoyurlar.

May, iyun, iyul, avqust aylarında mənə bir daha əyan oldu ki, azsaylı istisnaları çıxsaq azərbaycanlıların həyatda ən böyük qayəsi cütləşməkdən, nəsil artırmaqdan, öz ibtidai tələbatlarını nə yolla olursa, olsun, həyata keçirməkdən ibarətdir. Həqiqətən, onlar bəşəri mənada böyüməyiblər. Ən dəhşətlisi odur ki, onlar öz ibtidailikləri ilə fəxr edirlər.

***

Mövzuları kənara qoysaq, sırf texnika nöqteyi-nəzərdən əsərlərdə ən böyük nöqsan süjetin lazımsız olaraq şaxələndirilməsidir.

Müəlliflər süjeti lazımsız olaraq şaxələndirirlər və sonra süjetin başın-ayağın bir yerə yığmağa gücləri, nəfəsləri çatmır. Nəticədə olan-qalan yaxşı təsvirlər, koloritli dialoqlar da süjeti lazımsız olaraq şaxələndirilmiş əsərdə itib-batır.

Share: