Müstəqil.AZ tanınmış yazar, qəzəlxan şair Səxavət Talıblının qəzəllərini təqdim edir
Xatirinə
Əymədim qəddimi heç vaxt, başımın xatirinə,
Dinmədim, susdum hər ildə yaşımın xatirinə.
Gözlərim zülmü qaranlıqların ulduzlarıdır,
Ay bölünmüş ikiyə cüt qaşımın xatirinə.
Mən ki, ölməz biriyəm, torpağa gömmün dedilər,
Gömdüler, tarixi bir başdaşımın xatirinə.
Dost idik şeytan ilə, indi də “qardaş” kimiyik,
Demərəm həqqi danaq ” qardaşımın” xatirinə.
Düzülüb bir sapa karvan kimi dünya, köç edir,
Qalmadım köçdən o karvanbaşının xatirinə.
Ötəri
Dön, geri bax mələyim, ötmə bu yoldan ötəri,
Fani dünyadı, göz açdıq demə “Ol”-dan ötəri.
Yaradan bağçamı cənnət kimi gülzar elədi,
Başına örtdüyün al tirməli şaldan ötəri.
Nə qədər ki, o təravətdə olassan gözəlim,
Arılar cəm olacaq başına baldan ötəri.
Bir qabırğamdan alıb Rəbbimiz ol qamətini,
Gör nə sultan eləyib mən kimi “qul”-dan ötəri.
Yanağın xalları “Əsvəddi,” müqəddəs “qara daş”,
Məkkəyə getmişəm o, cüt qara xaldan ötəri.
Sənə and verrəm Əbəlfəz ağamın xatirinə,
De, Səxavət sözünü, qorxma bi qoldan ötəri.