Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi bu il daha doqquz qurumla birgə layihələrə start verib.
Nazirlikdən verilən məlumata görə, həmin qurumlarla (Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Nazirliyi, Milli Arxiv İdarəsi, “Azərpoçt”, “Aztelekom” və s.) birgə icrasına başlanan layihələr üzrə 2500 işsiz şəxs müvafiq fəaliyyət sahələri üzrə işlərlə təmin olunub.
Ümumilikdə isə mərkəz rayon (şəhər) icra hakimiyyətləri ilə yanaşı, 20-yə yaxın qurumla da əməkdaşlıq həyata keçirir.
Nəticədə ictimai işlər proqramının fəaliyyət sahələri xeyli genişlənib. Bu da işsiz şəxslərin məşğulluğunun təminatı ilə yanaşı, “İşsizin dostu” proqramına cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslərin müxtəlif sahələr üzrə ilkin peşə bacarıqlarına yiyələnmələrinə şərait yaradır. Həmin bacarıqlar hesabına isə gələcəkdə özlərinin müstəqil şəkildə məşğulluqlarını təmin etmək imkanı qazanırlar.
“İşsizin dostu” proqramı 56 minədək iş yerini özündə əhatə edir. Proqrama cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.