DOST VƏ QARDAŞLIĞIN YORULMAZ FƏDAİSİ-JOLDOŞBEK MONOLDOROV… – İlqar Türkoğlu yazır

DOST VƏ QARDAŞLIĞIN YORULMAZ FƏDAİSİ-JOLDOŞBEK MONOLDOROV… – İlqar Türkoğlu yazır

 

Bu gün türk xalqları arasında ədəbi-mədəni və mənəvi birliyin önəmi daha da artmaqdadır. Sovetlərin süqutundan sonra, bu yoldakı çalışmalarımız türkə qarşı olan dövlətləri çox əndişələndirir. Bu qısqançılığa qarşı qarşımızda duran əsas vəzifə kimi, uzun illər həsrətində olduğumuz türk qövmləri, Türk Dünyası ilə əlaqələrin gecikmədən genişləndirilməsi, eləcə də, vahid tarixi köklərə və mədəniyyətlərə sahib olduğumuz barədə tarixi həqiqətlərin öyrənilməsidir.

İmperiya yasaqlarına son qoyulduqdan sonra tarixçilərimizin qədim türk etnosları, türk qövmləri ilə bağlı araşdırmalar sürətlə artmağa başladı. Bu araşdırmaların bir çoxu “Türk xalqları ədəbiyyatı”nda tələbələrə tədris olunur. Təəssüf ki, tarixi həqiqətlərin olduğu kimi araşdırmasına qarşı içimizdə hələ də sovet təfəkkürlü “alimlərə” rast gəlmək olur.

Sin descripción disponible.

Türk Dünyasını birləşdirən, bir araya gətirən ədəbi-mədəni-mənəvi  əlaqələrin qurulması yolunda, istər dövlətlər, istər də ictimai fəallar tərəfindən xeyli işlər görülüb. Bu sahədə illərdi Türkiyəmizdə fəaliyyət göstərən ədəbi dərnəklərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu dərnəklərlə qurulan əməkdaşlığın sərhədləri Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Tatarıstana, Başqırdstana, Saxa-Yakutiyaya, Çuvaşıstana, Tuvaya, Qaqauziyaya və digər türk qövmlərinə qədər genişləndi. Artıq ənənə halını almış bu tədbirlər bir-birimizə olan münasibətləri daha da doğmalaşdırdı. Çoxları doğmalığımızı, bir atanın, bir ananın övladları olduğunu dərk etməklə “yaxın qonşu uzaq qohumdan doğmadır” kimi absurd məsəlin əleyhimizə işlədiyinin fərqinə vardı. Başımızı qatan bu məsəllə Şərqi Avropadan Uzaq Şərqədək ərazilərin aborigen sakinləri olan türklərin ərazilərində yerləşdirilən “dövlətlərlə” “qonşuluq” etmək zorunda qaldıq. Qəlbi, ruhu, amalı saf olan türklərə qarşı uzun illər aparılmış məkrli düşmən siyasətinin deşifrə olunması yolunda ədəbiyyat və mədəniyyət sahəsində daha çox çalışan insanların rolunu xüsusilə qeyd etmək istəyirəm.

Sin descripción disponible.

Bu qəbildən, Türkçü, Turançı amallı Qırğızıstandan olan dostlarımızdan biri ilə fb-da tanış olmuşduq. Vədələşdiyimiz kimi, ilk dəfə onunla Bakıda görüşdük. Sonra Türkiyənin Adana şəhərində düzənlənən, Türk Dünyasını bir araya gətirən, Uluslararası festivalda bərabər iştirak etdik.

Haqqənda bəhs etdiyim, həyat və fəaliyyəti haqqında, qısa da olsa, oxucuları məlumatlandırmaq istədiyim türkçü, Turançı, vətənpərvər şeirlər müəllifi və şərqçi olan insan Joldoşbek Monoldorovdur.

Joldoşbek Akılbekoviç Monoldorov 10 fevral, 1970-ci ildə Bişkekdə anadan olub. Ali təhsilini də doğulduğu Bişkek şəhərində bitirib. Özbəkistanın Daşkənddəki Əmir Teymur Muzeyinin vitse-prezidenti, Əmir-Teymur Beynəlxalq Yardım Fondunun vitse-prezidenti, Özbəkistanın əməkdar xadimi və yazıçı Tolkun Xaitovun fəxri tələbəsidir! Beynəlxalq Əmir Teymur Fondunun  Qırğızıstan şöbəsinin rəhbəridir. Vətənpərvər mövzularda qələmə aldığı şeirlərinə mahnılar bəstələnib. Bu mahnıların, demək olar ki, çoxunun bəstəçisi və ifaçısı özü olub.

Sin descripción disponible.

Ötən ilin sonlarında Joldoşbek Monoldorov ustadı olan tanınmış yazıçı Tolkun Xaitovun rəhbərliyi ilə dövlət qeydiyyatından keçməklə “Yanqi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyini təsis ediblər. Sevindirici haldır ki, Birlik tez bir müddətdə türk respublikaları, türk qövmləri ilə ədəbi əlaqələri genişləndirməyə nail olub. Turan amalı ilə qurulan bu təşkilat “Turan Birliyi” medalını təsis etməklə türk respublikalarında yaşayan bir çox tanınmış yazarları və sənətçiləri təltif edib. Yeni-yeni layihələr üzərində çalışan bu təşkilatın əsas aparıcısı  Joldoşbek Monoldorovun müstəsna xidmətləri birliyimiz üçün çox təqdirəlayiqdir.

Bildiyiniz kimi, Əlişir Nəvainin 9 fevralda 580 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunacaq. Əlişir Nəvai irsi təkcə türk xalqlarını yox, həm də dünya xalqlarını və mədəniyyətlərini birləşdirir. Bu gün keçmiş postsovet respublikaları və dünya xalqlarının bu böyük şair və filosofun şəxsiyyətinə və onun fəlsəfi düşüncələrinə böyük əhəmiyyət verməsi insani prinsiplərə önəm verən bir amildir. “Yeni avaz” Orta Asiya Yazıçılar və Tarixçilər Birliyi Əlişir Nəvainin ildönümünə uzun müddətdir hazırlaşır və böyük filosofa həsr olunmuş böyük bir antologiya hazırlayır. Bu qonuda da, “Yeni avaz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorov qısa müddət ərzində Əlişir Nəvai haqqında almanax və müsabiqənin təşkili üzərində yorulmadan çalışır.  Fərəhli haldır ki, Joldoşbek Monoldorovun fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycanın ədəbi ictimaiyyəti də geniş məlumatlara malikdir. Yaxın vaxtlarda dostlar onun dilimizə çevirmək üçün üzərində işlədiyim şeirləri ilə də tanış olacaqlar.

İLQAR TÜRKOĞLU

 

Müstəqil.Az

Sin descripción disponible.

Share: