Kulis.az amerikalı ədəbiyyatşünas Cenifer Vilsonun “Dostoyevskinin sevimli qətli” adlı məqaləsini təqdim edir.
“Cinayət və Cəza”nın müəllifi öz dövrünün əsl cinayət vəsvəsələri ilə sevgi-nifrət münasibətində idi…”
İxtisarla
1860-cı illərin ortalarında Rusiya cinayət xəbərləri ilə çalxalanırdı. Çar II Aleksandrın köklü islahatları arasında cəza sisteminin əsaslı şəkildə yenidən qurulması və müasirləşdirilməsi, xüsusilə təhkimçiliyin ləğvi və mətbuat azadlığının genişləndirilməsi var idi. Andlılar məhkəməsinin tətbiqi və məhkəmələrin ictimaiyyətə açılması cinayət məhkəmələrini demək olar ki, yeni bir teatr növünə çevirdi və sayı birdən-birə artan qəzetlər bu teatrda nümayiş olunanlar haqqında sərbəst xəbərlər yayırdılar.
Bu yeni dövrdə ədalətin necə təmin ediləcəyi ilə maraqlanan ruslar “Qlasni Sud” kimi qəzetlər alır və nəşr olunmuş iş fayllarını tamaşadan sətirlər kimi oxuyurlar. “Qlasni Sud” ilə bərabər gündəlik qəzetlərdə kriminal xəbərlər müntəzəm olaraq dərc olunmağa başladı və yeni tip insanları ictimaiyyətə tanıtdı. Bir naşir, məhkəmə salonlarının insan təbiətini dərk etmək üçün “romanlardan üstün olduğunu” söyləmişdi. Açığını deyim ki, detektiv fantastika da cinayət xəbərlərinin bu burulğanından yaranıb. 1860-cı illərdə Rusiyada bir qəzet və ya jurnalı vərəqlədiyiniz zaman bu əlinizə qan bulaşacağı mənasına gəlirdi.
Bu hekayələri yazıçı (və keçmiş məhkum) Fyodor Dostoyevski kimi sözün əsl mənasında həvəslə yeyən az adam var. 1865-ci ilin sentyabrında o, Almaniyanın qumar şəhəri kimi tanınan Visbadendə pulunun demək olar ki, hamısını ruletdə itirdi və burada qapalı qaldı. Otel pulunu ödəyə bilmədiyi üçün otel tərəfindən ona şam yeməyi verilməməyə başlanıldı. Dostoyevski aclığını cilovlamaq üçün xərclədiyi fiziki enerjini məhdudlaşdırmaq qərarına gəldi. Bir gün otağında oturarkən aşpazı və çamaşır yuyan qadını balta ilə öldürən bir adam haqqında xəbər oxudu.
Az sonra Dostoyevski Sankt-Peterburqdakı redaktoru Mixail Katkova məktub göndərərək roman üçün yeni süjet ideyası olduğunu bildirib:
“Anadangəlmə xırda burjua olan və ifrat yoxsulluq içində yaşadığına görə universiteti yarımçıq qoyan bir gənc, havada asılı qalan cılızlığa, qeyri-sabitliyə, hansısa dəhşətli “yarımçıq ideyalara” uyaraq, sələmçidən borc pul almağa qərar verir. Daha sonra düşdüyü pis vəziyyətdən tez bir zamanda qurtulmaq üçün faiz qarşılığında pul verən yaşlı qadını öldürməyi düşünür”.
Müəllif öz eqoizmini “yarımçıq ideyalar”ın (Dostoyevskinin millətçi kimi bəyənmədiyi qərb anlayışları) köməyi ilə konseptuallaşdıran universitet tələbəsi olan bu gəncə Raskolnikov soyadını verir. Və Dostoyevskinin əvvəlcə 90 səhifəlik hekayə kimi düşündüyü ideya sonda nəhəng bir romana çevrilir. Romanda hadisələr başları balta ilə kəsilmiş qoca sələmçi və onun bacısı ətrafında cərəyan edir. Dostoyevski də redaktoruna, “hekayənin təfərrüatlarını təkmilləşdirmək olar” notunu da bildirmişdi. Yeri gəlmişkən, otelin borcun ödəmək üçün ona təcili olaraq 300 rubl lazım idi.
Dostoyevskinin Lasnerlə ilk qarşılaşmasının hekayəsini danışan Kevin Birmingem müəllifi cinayət intriqaları və əxlaqi pozuntularla dolu bir mədəniyyətin içinə yerləşdirir. Dostoyevski bu hekayələrdən bəzilərini Sibirdə həbsxanada olarkən eşitsə də, ancaq indi detektiv sənədli filmlər adlandıra biləcəyimiz materilların acgöz istehlakçısı olaraq bir çox əfsanələrlə tanış oldu. Ona görə də Birmingemin kitabını, əsasən, Dostoyevskinin gəncliyindən romanın yazılmasına qədər tərcümeyi-halı kimi oxumaq olar. Kitab yazıçın günahsız olaraq həbs olunduğu, və həbsxanada qaldığı müddətdən sonra yenidən ədəbi sahəyə girməsi ilə azadlığa çıxdığı dövr arasında cinayətlə bağlı fikirlərinin formalaşmasını izləyir.
Cinayət xəbərləri qəzet və jurnalların satışını xeyli artırdı. Cəsədlər və ədəbsizlik nəşrlərə can verir və onları yaxşı satışını təmin etirdi. Dostoyevskinin redaktorunun belə qeyri-müəyyən tövsiyədən sonra “Cinayət və cəza”nı sifariş verməsi, şübhəsiz ki, oxucunun bütün cinayətlərə marağı ilə izah oluna bilər.
Bu arada, Cinayət və Cəzanın ilk epizodlarının yayımlanmasından bir qədər əvvəl, qəzetlərdə təəccüblü dərəcədə oxşar bir qətl hadisəsi ilə bağlı xəbərlər tam təfərrüatı ilə dərc edilmişdi. Bu xəbər Danilov adlı hüquq fakültəsi tələbəsinin öz mənzilində sələmçini öldürməsi ilə bağlı idi. Üstəlik, təkcə sələmçini deyil, onu öldürdükdən sonra qəfil peyda olan təmizlikiçini də öldürmüşdü. Dostoyevski romanda Raskolnikovu da (həm yazıçı, həm də oxucu kimi) həmin dövrün media mühitinə yerləşdirir.
Qətli araşdıran polis Raskolnikovdan cinayətlə bağlı iki ay əvvəl jurnalda dərc olunmuş məqaləsini soruşur. Raskolnikov bu məqaləsində insanları adi və qeyri-adilərə ayırır. O, iddia edir ki, sadə insanlar itaətkar və sözə qulaq asandırlar, buna görə də qanunu pozmağa haqqı yoxdur. Qeyri-adi insanların isə qanunu pozmaq və qətl törətmək hüququ var.
Dostoyevskinin fikrincə, qanlı hekayələrin çoxluğu arasında belə Lasnerin vəhşiliyi önə çıxır. Lasner soyadına ilk dəfə 1861-ci ildə çıxan “Vremya” ədəbi jurnalında nəşrlərdə istifadə etmək üçün detektiv hekayələr axtararkən rast gəlmişdi. Fransız cinayətkarlarının toplusunu vərəqləyərkən dəbli geyinmiş və yaraşıqlı Lasner obrazı onu valeh edir. Bir il sonra Dostoyevski yenidən Lasnerlə görüşür, bu dəfə Viktor Hüqonun 1862-ci ildə yazdığı “Səfillər” romanının səhifələrində… O, dərhal anlayır ki, Montparnas obrazı, şübhəsiz ki, bu nəcib qatilin protipi olaraq yaradılmışdır. Dostoyevski “İnstinktlər və Lasner haqqında” məqalə yazmaq niyyəti ilə planlar qurmağa başlayır, lakin bu yazı heç vaxt bitmir. Lasner, Dostoyevskinin cinayətlərinə bəraət qazandıran və geniş respublikaçı siyasi baxışlara və prinsiplərə malik olan rus gəncləri arasında meydana çıxmağa başladığına inandığı “üsyançı tələbələr” tipini əks etdirirdi.
Müasir terrorizmin əsasları – zorakılıqdan təbliğat kimi istifadə edən kiçik üsyançı qruplar – 1860-cı illərdə Rusiyada aşkar edilmişdir. Əsrin sonlarında bütün dünyada insanlar, o cümlədən Karl Marks terrorizmi sadəcə olaraq “rus tipi” adlandırırdı. Universitetlər radikal təşkilatların qalası idi. Gənclər arasında II. Aleksandrın islahatlarının yoxsulluğa və açıq-aşkar sosial bərabərsizliyə qarşı mübarizədə faydasız olduğuna və sistemin tez bir zamanda dəyişdirilməsinə ehtiyac olduğunu düşünənlər çox idi.
Bir çoxları Nikolay Çernişevskidən ilham alırdı. Onun ideyalarının radikal tərəfdarları Çernışevskinin 1863-cü ildə dərc olunmuş “Necə etməli?” məqaləsini həvəslə qarşılamış və kitaba bir növ İncil kimi baxırdılar. Kitab inqilabçılığı romantik və qəhrəmanlıq kimi ideallaşdırmışdı. Birmingem qeyd etdiyi kimi, 1866-cı ildə Sankt-Peterburqda Yay Bağında gəzərkən, II Aleksandra sui-qəsd edən əyalət ailəsinin oğlu, universitet tələbəsi Dimitri Karakozov Çernışevskinin bəhs etdiyi qəhrəman prototipinin ilk nümunəsi oldu. Rusiyada ilk dəfə olaraq çara qarşı sui-qəsd cəhdi uğursuz olsa da, hadisə qəzetlərdə işıqlandırıldı. Bircə zorakılıq aktı və media manifestilə Karakozov bütün Rusiya siyasətini faktiki olaraq sıfıra endirdi.
Medianın cinayətkarları məşhur simalara çevirmək bacarığı Dostoyevskidə də özünü göstərirdi. Cinayətləri ilə cəmiyyətin əsaslarını dəyişdirə bilən siyasi cinayətkarlar Dostoyevskinin “Şeytanlar” (1872) əsərinin mərkəzi mövzusuna çevriləcəkdi.
Dostoyevski 1849-cu ildə üzvlərinin qadağan olunmuş kitabları oxuyan və Fransız sosializmini müzakirə edən dərnəyə qoşulduğuna görə həbs edildi. Sonrakı dörd ilini həbsxanada keçirdi. Burada o, siyasi baxışlarını dəyişdi. Gəncliyində sevdiyi radikalizmdən əl çəkdi və bir çox cəhətdən mühafizəkar oldu. Lakin Dostoyevskinin Çernışevskidən ən çox hiddətləndirən şey onun insan davranışının elmi izahlarına kor-koranə inanması idi. Çernışevski rasional eqoizm adlandırdığı nəzəriyyə ilə məşhurlaşdı. Ceremi Bentham və ingilis utilitarizmindən ilhamlanaraq, Çernışevski iddia edirdi ki, insanın hərəkətlərinin şəxsi maraqlara əsaslanması olduqca rasionaldır.
Lasner məhkəməsi Çernışevskinin nəzəriyyəsinin tam təkzibi idi, çünki onun cinayətləri istənilən rasional izahata meydan oxuyurdu. Məhkəmə zalında əyləşənlər bu ədəb-ərkanlı və son dərəcə intellektual görünüşlü gəncin yaşlı qadının üzünü bıçaqla parça-parça etməsini anlaya bilmirdilər. Birinci səbəb, təbii ki, pul idi. Birmingem yazırdı ki, “Ancaq bunun onun onları öldürməsi üçün heç bir izahat yox idi, halbuki o, yalnız qarət etməli idi.” Onun edamından sonra nəşr olunan xatirələrində “Varlılara qorxu dinini təbliğ etməyə gəlmişəm” cümləsi yer alırdı.
Fransa mətbuatı Lasnerin bəyanatlarında ifadə olunmayan siyasi meylləri və hissləri istədikləri kimi əks etdirirdi; “Ölkənin üçün bir kralı öldürə bilirsənsə, niyə bankiri öldürməyəsən?” və s. “Lasnerin cinayət dalğası həyəcan verici idi, çünki bu, inqilabda növbəti rasional addım olacaq kimi görünürdü” deyirdi Birmingem. Amma bu, mübaliğə idi. Mətbuat Lasnerin cinayətlərinə Dostoyevskinin insan eqosunun xaosunu və hərəkətlərimizin sirri olaraq dəyərləndirəcəyimiz şeylərin sadə bir şərhini tətbiq etirdi.
Dostoyevski “Cinayət və Cəza” əsərində ictimaiyyətin cinayət hekayələrinə olan marağını xoş həyəcan adı altında müzakirəyə başlamaq üçün bir növ Troya atı kimi istifadə edirdi. Dostoyevski romantik gördüyü qətl xəbərindən Raskolnikovu götürərək onu yoxsulluğun sınağından çıxmış utancaq, qəzəbli və çaşqın bir gənc kimi təsvir etmişdir. “Cinayət və Cəza”nın uğurundan sonra XIX əsrdə Rusiyada hüquqşünaslar münsiflər heyətinin rəğbətini qazanmaq üçün öz müştərilərini Raskolnikova bənzətməyə başlamışdılar.
Jennifer Wilson / Dostoevsky’s Favorite Murder / Newrepublic/ 2021