Dostumun dostu mənim də dostumdur

Dostumun dostu mənim də dostumdur

və ya

46 yaşın mübarək, Seyfəddin bəy!

Qəribədir, elə insan var ki, illərlə birlikdə olsan da, haqqında yazmağa söz tapa bilmirsən. Ayrıldıqdan bir qədər sonra unudulanlardan birisi olur. Sanki ötüb keçən illər onu unutdurub, yaddaşının qaranlıq bir küncünə sıxışdırır. Amma elə adamlar da var ki, onlarla bir neçə saat ünsiyyətdə olsan da, yaratdığı təəssüratı ömrünün sonunadək unuda bilmirsən…
Bəli, səkkiz il əvvəl yazıçı-jurnalist, filoloq Seyfəddin Hüseynliylə iki dəfə yol yoldaşı olmuşuq. Hər ikisində də ortaq dostumuz Səlim Babullaoğlu bizimlə yoldaşlıq edib. Daha doğrusu, mühüm bir məsələ ilə bağlı, Səlimin xahişilə Şabran rayonuna səfər etmişik. Hər iki səfərimiz də uğurlu olub. Yüksək səviyyədə qarşılanıb, yüksək səviyyədə də yola salınmışıq…
Elə o vaxtdan da dostumun dostu Seyfəddin Hüseynlinin xətrini çox istəyirəm. Necə deyərlər, canlara dəyən oğlandır. Yoldaşlığına, mərdliyinə, savadına şübhəniz olmasın. Sadə, təvazökar və təmkinlidir. Mehriban, mədəni, intelligent adamdır. Yaradıcılığına da söz ola bilməz, məhsuldar və rəngarəngdir…
İndi deyəcəksiniz ki, cəmi iki dəfə gördüyün adamı niyə bu qədər tərifləyirsən? Vallah tərifləmirəm, sadaladığım bu xüsusiyyətlərin hamısı onda var, şahidi olmuşam. İnanmayan varsa, zəhmət çəkib qoy özü yoxlasın…
Nə isə, sözümün canı odur ki, bu gün- avqustun 15-i Seyfəddin Hüseynlinin doğum günüdür, 46 yaşı tamam olur. Ona uzun ömür, cansağlığı, firəvan həyat, müvəffəqiyyətlər arzulayıram.
Yeri gəlmişkən, almanlar deyir ki, 30 yaşına kimi gəncliyin keyfini çıxarmayan, 40 yaşına qədər ev-eşik, ailə sahibi olmayan, 50 yaşa kimi yaşadığı cəmiyyətdə nüfuz, hörmət qazana bilməyən kişidən adam olmaz. Seyfəddin bəy bunların hamısının öhdəsindən çoxdan gəlib…
Dostumun dostunu bağrıma basıram, 46 yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu
Share: