Şahnaz ŞAHİN
Yaxın gəlin, sizin hamınızın qaysaq tutan yarası var, bilirəm. Axı söhbət dostdan, özü də lap köhnəsindən gedəcək. Kim dost qədrini bilir, ona zehnində hansı yeri verib, əlaqələri hansı səviyyədədir, keçib gəldikləri həyat yolları, qazandıqları uğurlar və uğursuzluqlar, tutduqları vəzifə pillələri onların sonrakı münasibətlərinə necə təsir göstərib…
Orta məktəb illəri, qarşılıqlı münasibətlər zəncirinin ilk halqası kimin yaddaşından silinib ki?!. O zamanlarda qazanılan dostlar sonrakılara bənzəməz, saf, hiyləsiz, umacaqsız münasibətlərin qurulduğu, bəzən ilk sevgilərin ünvanı olan məktəb!.. Hər kəsin hətta unutdulmuş belə hesab edərək yaddaşının “arxiv”inə verdiyi bənzərsiz hisslər sonra yeri düşdükcə baş verib göyərir, göynədir, diqqətini çəkməyə müvəffəq olur. Baxıb görürsən ki, hər şey necə də təzə qalıb, bəziləri isə bu gün üçün yaramır, qatı açılmayan, geyilməyən, indi isə əyninə dar gələn paltar kimidir, amma var, yaşayır. Köhnə yara kimidir – tərpətdikcə, toxunduqca da incidir… Sevimli müəllimlərin, onların qayğısı, diqqəti, bəzən yorulduğun, bezdiyin dərslər… Sinif yoldaşların arasında hansısa xasiyyətinə, düşüncə tərzinə görə yaxın, ya da uzaq bildiklərin var. Və bunlardan biri, ya ikisi ilə qurulan münasibətlər sonralar da davam edir, əlaqələriniz möhkəmlənir, dürüst dostluğa çevrilir. Sonra da ali məktəb illəri, elə münasibətlərin də ali dərəcədə qurulduğu vaxt sayılır. Bu zaman artıq sən ilk sınaqlardan, uğursuzluqlardan, ayağına dəyən daşlardan az da olsa nəticə çıxaran birisən, bir az təcrübə qazanmısan artıq, yanlışı doğrulardan ayırd edə bilirsən… Bu illərin dostluğu daha möhkəm olur, həyatının sonrakı mərhələlərində də davam etdirməyə ehtiyac duyursan…
Həyat həmişə adamın üzünə gülmür, taleyin bəd gəldiyi, işlərin düyün düşdüyü vaxtlar da var insan taleyində. Bax o zaman yaxşı dosta üz tutmaq istəyirsən… İki müəllim tanıyırdım, ali məktəbi bir oxuyub, bir yataqxanada və bir otaqda qalmışdılar. Dostluqları da sonradan yaxın qohumluğa çevrildi, bax onlar ehtiyaclı vaxtlarında çəkinmədən bir-birinin qapısını döyər, heç vaxt da əliboş geri dönməzdilər. Oğlu xatırlayır ki, bir gün atası onu (Sovetlər vaxtı) min manat pul üçün qonşu kənddə yaşayan dostunun yanına göndərir, amma dostu bu məbləğin olmadığını uşağa belə bildirmədən düzəldib onu əli dolu yola salmışdı… Dost qapına gəlmişsə, deməli, razı qayıtmalıdır, vəssalam… Bu idi köhnə dostların devizi!.. Yəni atalar demiş: “Dost dar gündə tanınar”.
Dayanar dağ kimi arxanda sənin dar gündə,
Gündə varsın sənə o, sən də ona var gündə!..
(R.Z. Xəndan)
Dostluq və dostlar haqqında kifayət qədər atalar sözləri var xalq ədəbiyyatımızda. Bu deyimlərə əsasən dost dostunun güzgüsü sayılar, qardaşın da sənə dost olsa, yaxşı olar, dostluğun birinci şərti etibardır, müharibə igidi, qəzəb müdriki, ehtiyac dostu sınağa çəkər, dostun sənin kimliyinin göstəricisidir və ikinci mən deməkdir… Amma dostun ağıllı olması şərtdir. Yəni ağıllı düşmən belə, cahil və ağılsız dostdan yaxşı hesab olunur… Təki dostluqla gəlib düşmənliklə vuran olmasın adam, eybini görüb də özünə söyləsin, daha el ilə bir etməsin…
Dostluq haqqında yerində deyilmiş məşhur deyimlər də var…
“Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm, arxada da gəlmə, çünki səndən qabaqda gedə bilmərəm. Yanaşı addımla və mənim dostum ol!” Albert Ceyms
“Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır”. Farensis Bekon
“Dost hamı çıxıb gedəndə gələn adamdır”. Naməlum.
Böyük Məmməd Araz isə dostluğu belə tərənnüm edir:
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə.
Mən öz varlığımı, öz ünvanımı,
Tapıram hər yeni gəlişinizlə…
Mənə görə o yerdə ki, insan özünü rahat hiss edir, tam səmimi davrana bilir, bir sözlə, özünü sanki öz evində hesab edirsə, bax o yer dostun evidir. Dostluq fədakarlıqdır, qayğıkeşlikdir, dostun rahat olmayınca sənin rahatlığın olmamalıdır. İndi, bu zamanda, çoxluğun dost anlayışını kiçik bir ortama aid etdiyi, dar bir çərçivəyə sığdırdığı, dostun yalnız ailə daxilində olmasının təlqin olunduğu bir vaxtda dost ola və dost qala bilmək əsl kişilikdir, mərdlikdir, fərqlilikdir, böyük şəxsi keyfiyyətlərə, dəyərə sahib olmaqdır!..
Dost, dostun yüngül xətalarını, səhvlərini bağışlaya bilmirsə, dostluğu davam etdirmək çətin olur. Mənə görə isə dostum sadəcə mənim dostumdur, heç bir əlavə şərhsiz, bəzək-düzəksiz, izahatsız..!
Yaxşı dostun varsa, xəzinən vardır demək! İnsan ömrü boyu dost yardımına, onun mənəvi köməyinə ehtiyac duyur. Dahi Nizami “Xosrov və Şirin” poemasında dost yardımını, dostla, yoldaşla həyatın çətinliklərinin asanlaşmasını belə ifadə edir:
Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız.
Dünyada yoldaşsız Allahdır yalnız,
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.
Dostluq münasibətini həmişə saxlamaq üçün dost olan tərəflər daim qarşılıqlı səmimiyyəti, hörməti, mehribanlığı qoruyub saxlamalıdır. Dostdan alınan zərbə yadlar vurduğundan bərk ağrıdar, dost xəyanəti bağışlanmaz… Bəzən təəssüf ki, belə də olur:
Elə üşüdür ki, dost baxışları,
Başımı götürüb yada gedirəm.
Təpəmin üstündən tüstüsü qalxır,
Canımda yüz cürə qada gedirəm…
Atalar “hər şeyin təzəsi, dostun köhnəsi” deyib, amma bu köhnə o köhnə anlamına gəlməz, köhnəldikcə təzələnər, qəttəzə xanə açar ürəklərdə. Köhnə dost köhnə şərab kimidir, qaldıqca dadı-tamı da, keyfiyyəti və təsiri də yaxşılaşar. Dost qəlbi dənizdir, gəmilərin yön ala bildiyi tərsanədir.
Və nəhayət, dostu olmayan adam bu dünyada qəribdir deyir alman şairi Jozef Köhler…
Siz qərib olmayın!..