Dövlət Agentliyi ilə BP arasında əməkdaşlığa dair Protokol imzalandı — Foto

Dövlət Agentliyi ilə BP arasında əməkdaşlığa dair Protokol imzalandı — Foto

BP şirkətinin Azərbaycan ofisində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP şirkəti arasında təhlükəsizlik və mühafizə sahəsində qarşılıqlı əməkdaşlıq barədə Protokol imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, sənədi Agentliyin rəisi, general-mayor İlqar Abbasov və BP Şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.

Bununla bağlı keçirilmiş tədbirdə çıxış edən Qəri Counz tədbiri açıq elan edərək Agentliyin nümayəndə heyətini salamlayıb, daima qarşılıqlı əməkdaşlığa görə Agentliyin əməkdaşlarına minnətdarlığını bildirib, imzalanacaq Protokolun Şirkətlə Agentlik arasındakı münasibətləri yeni və daha yüksək səviyyəyə qaldıracağını qeyd edib.

Tədbirdə çıxış edən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov BP şirkətinin Azərbaycanla tərəfdaşlığının tarixindən bəhs edərək Şirkətin Ölkəmizdə həyata keçirdiyi layihələrlə Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində etibarlı və uzunmüddətli tərəfdaş olduğunu vurğulayıb. İ.Abbasov bidirib ki, Şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına verdiyi töhfə daima yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keçən il BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Dostluq” ordeni ilə təltif olunub. Bu münasibətlə bir daha Agentlik adından Q.Counzu təbrik edib.

İ.Abbasov tərəfindən qısa müddət ərzində Agentliyin normativ-hüquqi, maddi-texniki bazasının gücləndirilməsi, mühafizənin təşkili, təhlükəsizlik sahəsində digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq sahəsində görülmüş işlər barədə qısa məlumat verilib.

Agentliyin rəisi öz növbəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP Eksploreyşn (Kaspian Si) Limited Şirkəti  arasında əməkdaşlıq haqqında Protokolun ixrac boru kəmərləri və onların infrastruktur obyektlərinin etibarlı mühafizəsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı əlaqələri dərinləşdirmək və inkişaf etdirmək niyyəti ilə imzalandığını və  hər iki Tərəfin mənafeyinə xidmət edəcəyini bəyan edib. Protokol mühafizə və təhlükəsizlik məsələləri ilə bağlı məlumat mübadiləsinin aparılması, bu sahədə peşəkar kadrların hazırlanması, təkmilləşdirmə və ixtisasartırma kurslarının, treninqlərin, seminarların təşkili və keçirilməsi, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması üzrə birgə taktiki təlimlərin keçirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə məsləhətləşmələrin aparılması, ixrac boru kəmərlərinin və onların infrastruktur obyektlərinin təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə SOMDA-nın aidiyyəti vəzifəli şəxslərinin bp şirkətinin neft hasilatında iştirak etdiyi digər ölkələrə tanışlıq xarakterli səfərlərinin təşkili, ixrac boru kəmərləri və onların infrastruktur obyektlərinin təhlükəsizliyinə təsir edə biləcək təhdid və risklərin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti mütəxəssislərin iştirakı ilə hər 6 ayda bir dəfə monitorinqlərin keçirilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş İxrac neft və qaz boru kəmərləri və onların infrastruktur obyektlərinin məsləhətləşmə və mühafizə zonalarında hüquqi və fiziki şəxslər tərəfindən aparılan fəaliyyətin (kənd təsərrüfatı, yaşayış və qeyri yaşayış binalarının tikintisi, təmiri və sair) onlara verilən müvafiq icazələrin və bp-Azərbaycan tərəfindən verilən texniki şərtlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, sosial yönümlü layihələr sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan, Tərəflərin qarşılıqlı olaraq razılaşdırdıqları hər hansı digər əməkdaşlıq sahələrini əhatə edir.

Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə mühafizə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığa görə BP Şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, şirkətin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasi üzrə vitse-prezdenti Bəxtiyar Aslanbəyli və Avrasiya regionu üzrə təhlükəsizlik məsələləri üzrə baş meneceri Kamran Rəcəbliyə İlqar Abbasovun 23 avqust 2023-cü il tarixli əmri ilə verilmiş “strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı təqdim edilib.

Tədbirdən sonra Qəri Counzun dəvəti ilə Agentliyin nümayəndə heyəti şirkətin Təhlükəsizlik və Situasiyaların idarə edilməsi Mərkəzində olmuş, burada, xüsusilə, sualtı boru kəmərlərinin mühafizəsinin təmini məqsədilə tətbiq edilən müasir yeni elektron təhlükəsizlik sistemləri, baş verə biləcək böhran, qəza və s. vəziyyətlərin idarə edilməsi, insan tələfatının qarşısının alınması məqsədilə görülmüş işlər, kibertəhlükəsizlik, logistika, bütövlükdə, mühafizə sahəsində müasir texnologiyaların, xüsusilə süni intelektdən istifadə barədə ətraflı məlumat verilib. Həmçinin Qəri Counz yeni neft-qaz lahiyələrinin həyata keçirilməsi zamanı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əməkdaşlığın ediləcəyini vurğulayıb.


Share: