Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində İdarə Heyəti sədrinə müavini təyin olunub.
Müstəqil.Az “APA-Economics” -ə istinad edərk xəbər verir ki, bu vəzifə kapitan Rabil Niftullayevə həvalə edilib.1990-cı ildə Xəzər Dəniz Neft Donanmasında əmək fəaliyyətinə kapitan köməkçisi kimi başlayan R. Niftullayev qısa zaman ərzində həmin idarədə kapitan vəzifəsinə kimi yüksəlib. O, uzaq səfərlər kapitanı kimi Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və bu kimi neft ehtiyatları ilə zəngin olan ölkələrdə çalışıb.
R. Niftullayev offşor dəniz əməliyyatlarında böyük təcrübə əldə edib. 2014-cü ildə isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanmasında Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi olub.
Bununla yanaşı, R. Niftullayev BP, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARAMCO kimi şirkətlərdə müxtəlif vəzifələri icra edib. Dövlət Dəniz və Liman Agentliyindəki təyinatına kimi isə BP şirkətinin “Şahdəniz-2” layihəsində Dəniz məsələləri üzrə rəhbər olub. Neft-qaz sənayesi üzrə dəniz əməliyyatları sahəsində 32 illik təcrübəyə malikdir.
R. Niftullayev Azərbaycan Dövlət Dənizçilik Akademiyasının Gəmi sürücülüyü fakültəsinin, Ukrayna Psixologiya və Menecment İnstitutunun məzunudur. Müxtəlif ölkələrdə ixtisasartırma kurslarını keçən R. Niftullayev müasir gəmilərdə xüsusi təyinatlı sualtı, dalğıc, surey və seysmik işlərdə yüksək dəqiqlik tələb edən əməliyyat, DP operator sertifikatlarının sahibidir. Həmçinin o, müasir sürətli sərnişin gəmilərinin idarə olunması üzrə mütəxəssisdir.
Müstəqil.Az