Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Prezidenti Co Bayden administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlayıb.
“Report” xəbər verir ki, “Ağ Ev”in bir qədər əvvəl yaydığı açıqlamada qeyd olunur ki, hökumət islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, Konqres üzvləri ilə birlikdə iş birliyindədir.
İslamofobiya ilə mübarizə üzrə ABŞ-nin ilk milli strategiyası son illər dünyada müsəlmanlara qarşı artan nifrət fonunda alqışlanan yenilik olsa da, bəzi şərhçilər Birləşmiş Ştatlarda artan islamofobiya meyllərinin ölkənin xarici siyasi qərarlarına təsir etməsi qənaətindədirlər.
Bu xüsusda ABŞ-nin Ermənistan və Azərbaycanda keçmiş münaqişənin təsirinə məruz qalmış şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartları misal kimi göstərilə bilər.
“Report”un ABŞ bürosu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə ölkənin islamofobiya ilə mübarizə üzrə hazırlanan ilk milli strategiyası ilə bağlı sual ünvanlayıb. Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin islamofobiya əlaməti kimi qeyd olunmaqla, Dövlət Departamentindən bunun izahı istənilib. Bundan başqa, qəbul ediləcək islamofobiya ilə mübarizə strategiyasının ABŞ-nin xarici siyasətinə təsir edib-etməyəcəyi də sorğulanıb.
Sözçü bildirib ki, ABŞ hər yerdə cəsarətlə müsəlmanlara qarşı nifrətə qarşı mübarizə aparır:
“Dinə və ya inanca əsaslanan bu nifrətlərlə üzləşmək geniş yayılıb. Eyni zamanda bunun insan hüquqlarından azad və bərabər şəkildə istifadə edilməsinin qarşısını alan digər siyasət və prioritetlərlə necə kəsişdiyini anlamalıyıq. Müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və zorakılıq təkcə müsəlmanları incitmir. Çünki bu, çox vaxt müsəlmanlar, terrorizm, ksenofobiya, irqçilik arasındakı qavrayışlar və yanlış fərziyyələrlə sıx bağlıdır”.
Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartlara gəlincə, sözçü qeyd edib ki, ABŞ qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar tədbirlərdə qlobal liderdir və bundan sonra da belə olacaq:
“Biz dünyanın ən həssas təbəqələrinə təhlükəsiz sığınacaq və humanitar yardım proqramlarına ayrı-seçkilik olmadan təhlükəsiz çıxış təqdim etməyə davam edəcəyik”.
Göründüyü kimi, ünvanlanmış sual konkret məqamlara toxunulmadan mahiyyət üzrə cavablandırılmayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edilən suallarla bağlı “Ağ Ev”in Mətbuat Xidmətinə müraciət olunmasını xahiş edib. Yaxın zamanda müvafiq mövzuda “Ağ Ev”in də yanaşmasının yayımlanması nəzərdə tutulub.