Dövlət İmtahan Mərkəzi 2023-cü il avqustun 13-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Dövlət qulluğuna qəbul imtahanı
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla, ümumilikdə 2030 namizədin iştirakı nəzərdə tutulurdu.
Avqustun 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 2, AC1 altqrupu üzrə 2, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 8, BA4 altqrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 14-16 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.