Dövlət qulluğuna qəbul üçün müsabiqəyə çıxarılması məqsədilə ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim olunub.
Müstəqil.Az Teleqraf.com-un məlumatına görə bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub. İnzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) isə 814 vakant vəzifə təqdim olunub.
V.Misirov qeyd edib ki, dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs DİM tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahanda qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədədir və şəxsin sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.
İcraçı direktor əlavə edib ki, Mərkəz tərəfindən noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Test imtahanlarına qeydiyyat noyabrın 7-dən başlanıb və AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq.
Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilmişdir.
V.Misirov əlavə edib ki, cari ilin oktyabrın 5-dən başlayaraq dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə keçirilmiş sınaq imtahanlarında 599 nəfər iştirak edib. Onun sözlərinə görə, Mərkəz tərəfindən 2017-ci ilin 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.
Müstəqil.Az