“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi tender qaydalarını kobud şəkildə pozub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən qurum Şəmkir sol sahil maşın kanalının (PK106+00-PK116+00) beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Aztikintiservis” MMC olub. Tərəflər arasında ötən gün imzalanan müqavilənin dəyəri isə 208 498.92 AZN təşkil edib.
Qeyd edək ki, “Aztikintiservis”in hazırda 6900.10 manat vergi borcu var. Bu durumda “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Qeyd edək ki, “Aztikintiservis”in direktoru Paşa Papaqçıyevdir. Şirkət cari ilin geridə qalan 7 ayı ərzində 10 tenderin qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub. Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. “Aztikintiservis”in qalib olduğu 10 tenderin ümuni dəyəri 1 milyon 944 min manatdan artıqdır.
Onu da əlavə edək ki, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin rəisi Vaqif Məmmədovdur.
Emin Səfərov