Tarix İnstitutu Şimal-qərb bölgəsindəki abidələrin dağılıb məhv olması ilə bağlı məlumat yayıb.
Sözügedən mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq münasibət bildirilib.
Qeyd olunub ki, tarix-mədəniyyət abidələrinin üzərinə vurulan lövhələr daşınmaz tarix-mədəniyyət abidələrinin 2001-ci ildə təsdiq olunmuş reyestrinə uyğun olaraq tətbiq edilir: “Bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülür. Həmin reyestrdə bir neçə abidənin tarixi ilə bağlı yanlışlıqlar var. Bu yanlışlıqların əksəriyyəti texniki səhvlərlə bağlıdır. Həmin məlumatlar dəqiqləşdirilib və yenilənərək reyestrə daxil ediləcəkdir”.
Dövlət Xidməti tarixi abidələrin yaşayış evlərinə yaxın yerləşməsi məsələsinə də münasibət bildirib: “Tarixi abidələrin yaşayış evlərinə yaxın yerləşməsi məsələsinə gəlincə isə həmin yaşayış evləri uzun illər öncə tikilib. Belə abidələrin Dövlət Xidməti tərəfindən mühafizə zonaları müəyyən olunaraq qorunmasına nəzarət olunur”.