“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il dərman vasitələrinin satışı bazarına nəzarəti gücləndirəcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xidmətin rəis müavini Elnur Bağırov deyib.
O bildirib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir:
“Dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. Bizə daxil olan şikayətlərdən görürük ki, istehlakçılar çox halda bioloji fəallığa malik qida əlavələrini dərman kimi qəbul edir və onların fərqli apteklərdə fərqli qiymətə satılmasından şikayət edirlər. Qeyd edim ki, bu məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir və onların satışında azad bazar rəqabəti mövcuddur. Dövlət Xidmətinin səlahiyyətlərindən biri də odur ki, Tarif Şurası tərəfindən dərmanların tənzimlənən qiymətlərdən fərqli qiymətə satışlarının olub-olmadığına nəzarət etsin. Əgər belə olarsa, bu, birbaşa qanun pozuntusu sayılır və tərəfimizdən müdaxilə edilir”.
E.Bağırov əlavə edib ki, bu il Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də odur ki, dərman vasitələri bazarını araşdırsın və bu sahədə hər hansı qanun pozuntusu və ya sui-istifadə halları olduqda qanunvericiliyə uyğun tədbirlər görsün:
“Bununla əlaqədar artıq təhlillər başlanılıb”.