Müstəqil.Az Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlunun Mədəniyyət naziri Anar Kərimova açıq məktubunu təqdim edir:
Hörmətli, cənab nazir!
Xurşudbanu Natəvanın Mədəniyyət nazirliyinin yüksək təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin yaxından iştirakı ilə bir neçə gün əvvəl Şuşada keçirilmiş yubiley tədbirində fransız yazıçısı Aleksandr Dümanın Bakı polismeysteri Piqulevskinin evində Xasay bəy Usmiyevlə görüşünü, Natəvanla və digər ailə üvləri ilə tanışlığını, yazıçının qeydlərini xatırladım və xatırlatdım.
Dümanın “Qafqaz səfəri”ndəki o görüşdən bəhs edən üç məqam ilk oxuduğumdan bəri diqqətimi çəkmişdi, düşünürəm səbəbsiz deyil, o vaxt baş verənlər indi, azad Şuşada xatırladığım zaman mənə bu günümüzlə səsləşən daha aydın rəmzlər kimi göründü.
Xasay bəy, Natəvan xanım, onların uşaqlarından bəhs edən Düma yazır ki, nənəsinin qucağında beş-altı yaşlı oğlan uşağı (söhbət həmin görüşdə iştirak edən Xasay bəyin anasından, Xasay bəyin və Natəvanın oğlu kiçik Mehdiqulu xandan gedir) hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu; həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının əlinə verməzdi, ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi.
İkinci məqam, görüşdən bir saat sonra Xasay bəyin mükəmməl bir fransızca ilə Dümaya məktubuyla bağlıdır, Xasay bəy yazırdı ki, sizin çox gözəl silahlarınız vardır, odur ki, kolleksiyanıza nəsə əlavə etmirəm, sizdən xanımımın əl işi olan pul kisəsini (həm də mahir nəqqaş və tikişçi idi Xan qızı) və iki arxalığı qəbul etmənizi xahiş edirəm.
Üçüncü məqam, hədiyyələrin qarşılığında Dümanın Xasay bəyə və Natəvana fiqurları fil sümüyündən hazırlanmış şahmat hədiyyə etməsiydi.
Qəribə rəmzlərdir: yazıçı olsa belə bir avropalını (əslində əsərlərində uşaqdan böyüyə əksər personajlarının əlində qılınc-xəncər, şpaqa əskik olmayan bir yazıçını) bizim əlimizdəki silah narahat edirdi; bunu hiss edən Xasay bəy “sizin çox gözəl silahlarınız var” deyə yazıçıya və avropalıya arxalıq və pul kisəsi (əslində xeyir-bərəkət, əmin-amanlıq) hədiyyə edir, qarşılığında da yazıçı və avropalı, ağıllı olsa belə bizə şahmat kimi oyun təklif edirdi- fiqurları, çox güman, Afrikanın çöllərində, Fransanın koloniyalarında öldürülmüş heyvanın sümüklərindən hazırlanmışdı.
Qəribədir, elə bil ən yaxın tarixmizdi. Son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta edir, yenə onlar bizi oyuna salır və əlimizdə silahın olmamasını istəyirlər.
Hörmətli Anar müəllim !
Dövlət başçısının 05 yanvar 2002-ci il tarixli sərəncamı ilə ölkəmizdə “Şuşa ili” elan olundu. Bir neçə ay sonra isə Prezident İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə, rəssam, xeyriyyəçi Xan qızı Natəvanının 190 illik illik yubileyinin keçirilməsi ilə bağlı daha bir sərəncam imzaladı. Daha əvvəl isə müvafiq sərəncamlarla “Vaqif Poeziya Günləri” bərpa olundu, bu il isə həmin tədbirin ikincisi keçirildi.
Bildiyiniz kimi həm müasir Azərbaycan şeir dilinin banilərindən hesab edilən Vaqif, həm Xan qızı Natəvan təkcə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları deyil, eyni zamanda Azərbaycan dövlətinin, dövlətçiliyinin mirasları, rəmzləridir. Və adıçəkilən sərəncamlar bizə məhz bu məqamı bilmək, yadda saxlamaq, unutmamaq tapşırığı verir. Çünki son 30-35 illik tariximiz bizə ən aydın şəkildə anlatdı ki, dövlətimiz sözümüzlə, sözümüz də dövlətimizlə əl-ələ addımlamalıdır, taleyüklü anlarda köməyimizə çatan da məhz bu birliyimiz, bunu bilməyimiz olur. Daha əvvəl, Dümanın səfərinin bir fraqmenti, həmin məqamları söyləməklə məqsədim də eyni idi.
Yazımın sonunda Sizə və şəxsinizdə Mədəniyyət nazirliyinə Natəvanın yubiley tədbirinin keçirilməsindəki yüksək təşkilatçılığa görə təşəkkür etmək istəyirəm. Sizi təbrik edirəm. Zəhməti keçən bütün insanlara, Akif Maarifliyə və nazirliyin onunla çiyin-çiyinə çalışan bütün əməkdaşlarına minnətdarlıq ifadə edirəm.
Tədbirdəki əhatəli çıxışınız, nazirliyin gələcəkdə görülməsini planlaşdırdığı, dövlətimiz, mədəniyyətimiz üçün vacib, milli kimliyimizin əməli şəkildə ortaya qoyulması üçün əhəmiyyətli işlərin bir qisminin anonsu bizi sevindirdi. Xüsusən, “Məclisi-üns”ün bir struktur kimi bərpası, bu istiqamətdəki işlər, Xalq yazıçısı hörmətli Anar müəllimin da söylədiyi kimi Azərbaycan Yazıçılar Birliyi ilə əl-ələ işləmək perspektivi olduqca təqdirəlayiqdir.
Arzu edirəm ki, gələcəkdə həm Molla Pənah Vaqifin, həm Xan qızı Natəvanın yubileylərinin keçirilməsi, yaxud onların adı ilə bağlı keçiriləcək ədəbiyyat-mədəniyyət tədbirlərinin miqyası böyüsün, daha ciddi beynəlxalq səviyyə əldə edilsin, dəvətli qonaqların – ədəbiyyatçıların sayı artsın və onların seçilməsinə xüsusi həssaslıqla yanaşılsın.
Hörmətlə,
Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar Birliyinin katibi