Dövlətimiz zaval görməsin!- Əkbər QOŞALI yazdı

Dövlətimiz zaval görməsin!- Əkbər QOŞALI yazdı
Laçın və Kəlbəcər: yeni hədəflər
Bir ömür bəs etməz səni duymağa,
Yüz ömür, min ömür az olar, Vətən.
Yenə baş əyərik gözəlliyinə,
Yenə gül açılar, yaz olar, Vətən.
(Z.Yaqub, “VƏTƏN”)
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər edib. Laçına təkrar, Kəlbəcərə ilk dəfə olmaq etibarı ilə bu səfərin zamanlaması, səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfərin “A”-dan “Z”-yə hər məqamı bir hadisədir! “Zamanlama” demişkən, son ilyarım-iki il içində bu sözü tez-tez işlətmiş ola bilərik, şükür Tanrıya, zaman bizə işlədi, artıq “o gün (zaman) bu gündür (zamandır)” və rəqibimiz də uğursuz dövlət yox, uğurla yarışdığımız zamanın özüdür.
Özəlliklə, işğaldan azad olunmuş torparlarımızda, mürəkkəb relyefə, dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına, Kəlbəcərə, külli-Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox qısa müddət içində icra etməyə başlayıb. Laçın, Kəlbəcər heç vaxt malik olmadıqlarına malik olacaq! Kəlbəcərin, Laçının, külli-Qarabağın 30 ilə yaxın davam etmiş işğal illərində aldığı yaraları göz önzündə tutsaq, indi baş verənlər qeyri-mümkünün mümkün olması dərəcəsində işlərdir. İlham Əliyev deyir və edir! Azərbaycan Prezidentinin sözünün qüdrətini bilənlər bilir, bilməyənlər yaxud etiraf etməyən bədxahlar da, “bunu da bacardı”, “bu da oldu”, “durdura bilmirik” şəklində düşünməyə-daşınmağa məcburdur.
Azərbaycanın dövlət başçısının Kəlbəcərdə, Laçında çıxışları, verdiyi ismarıclar məhz müzəffər ordunun Ali Baş Komandanının çıxışı, ismarıcıydı. Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşmiş “sülhməramlıları”na rəsmi xəbərarlığından və Xarici İşlər Nazirliyimizin İran səfirini çağırıb, “nota” təqdim etməsindən, üstəlik, Prezidentin “CNN Türk”ə hadisə müsahibəsindən sonra Kəlbəcər-Laçın səfəri və orada səsləndirilən fikirlər lap yerinə düşdü. Prezident bölgədə hazırkı hərbi-siyasi durumu dəqiq qiymətləndirdi, məğlubiyyətə məhkum Ermənistana və onun ziyanlı havadarlarına ünvanlanmış ismarıcları dövlətimizin əldə etdiyi nəticələri, malik olduğumuz gücü və gələcəkyönümlü planlarımızı ifadə edir. Bu planların detalları tam olaraq açılmasa da, hədəf, yön, yol aydındır: Azərbaycan öz haqq-hüquqlarını bir kimsəyə güzəştə getməyəcək, haqq etdiklərimizi sökə-sökə alacağıq. Haqqımıza girənlərin cəzası ağır olacaq! Və tikəcək, quracaq, xarüqələr yaradacağıq!
Kəlbəcər və Laçının coğrafi konumu, mürəkkəb relyefi məlumdur. Nəzərə alsaq ki, bu mürəkəb relyef orada müdafiə olunançün əlverişli, üzüyuxarı əks-hücumda olan tərəf üçün çox əlverişsiziydi. – 44 günlük müharibədə (Ağdam da daxil olmaqla), məhz Laçın və Kəlbəcərin genişmiqyaslı döyüşlər olmadan azad edilməsi, bu anlamda, yüksək dəyərə malikdir. Azərbaycan Prezidentinin diplomatik hünəri, şanlı Ordumuzun gücü, 44 gün içində əldə edilmiş uğurlu hərbi nəticələr işğalçını (və onun havadarlarını!) məcbur etdi ki, anlaşmaya gəlsin, üç rayonu tərk etsin. Biz Kəlbəcərdə döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşduq, (Murov dağı və ətrafında strateji yüksəklikləri azad edib, düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısını almış, bir sözlə, düşmənin hərəkətlərini məhdudlaşdırmışdıq); Ordumuzun igid aslanları düşmənin təsəvvür etmədiyi uğurlar qazanmışdı, ancaq o uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi. Bax, hərbi-siyasi yolun təntənəsi məhz bu məqamda öz aydın cavabına qovuşur. – Müharibə ilə islah edirik, danışıqlarla diktə edirik! Müharibədən öncələrdən əldə edilmiş iqtisadi nəticələrlə bu gün tikirik-qururuq. Məğlub ölkə hələ ayılmayıb, hələ eşələnir, hələ içəridə bir-biri ilə didişir, Azərbaycan isə torpaqların azadlığından abadlığına doğru hər gün irəliləyir. Torpaq yolu, körpü, tunel, dəmir yolu, hava limanı… – bizi kimsə durduramaz! Yolumuz açıqdır! İndi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında tıxanmış yolları, kommunikasiyaları da açacaq, açdıracağıq! Torpaq bizimdir, tarix bizimdir, gələcək də bizim olmalıdır. Ermənistan müvəqqəti narahatçılıqdır.
Prezidentin Kəlbəcərdə dediyi sözdür: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq”! – Bu qüruru yaşadan dövlətimizə, dövlət başçımıza, ordumuza çox minnətdarıq! – Bu sözlər, qətiyyətin ifadəsidir, siyasi və hərbi-strateji ortamın bizim nəzarətimizdə olmasının ifadəsidir və Ermənistanda cücərdilməyə başlanan “əvəzçıxma” meyllərinə verilən aydın cavabdır, ismarıcdır.
Kəlbəcər, Laçın 90-cı illərdəki Kəlbəcər, Laçın deyil! Talanmış ola bi­lərlər, ancaq siyasi iradə, hərbi güc, dövlət-xalq birliyi dövlət sərhəd­lərinin etibarlı qorunmasını təmin etmək gücündədir. Qarabağda məskun­laşmış ermənilərinsə tək bir yolu var: ağlını başına toplayıb, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, adam balası kimi yaşamaq! Əks təqdirdə: separatçılıq, oyun oynamaq, hoqqa çıxarmaq onların həyatını qaraldacaq, bir də Azərbaycan üzü görməyəcəklər.
Bəli, müzəffər Ordumuz öz Ali Baş Komandanının başçılığı ilə işğalçının “qalib ədası”nı sıfırlayıb, “qüdrətli erməni ordusu mif”ini sıradan çıxarıb, erməni generallarının, “Ermənistanın Milli Qəhrəmanları”nın yaxasındakı qiymətli metaldan hazırlanmış orden-medalların bir qara qəpiyə dəymədiyini sübut edib. Hamıya məlum dünya erməniliyinin davamlı, arasıkəsilməz dəstəyi, ATƏT-in həmsədr ölkələri başda olmaqla, davamlı, arasıkəsilməz siyasi, hərbi dəstək və s. işğalçının haqq etdiyi Dəmir Yumruğu yeməsinin qarşısını ala bilmədi. Azərbaycan Ordusu yalnız “keçilməz Ohonyan xətti”ni keçməyib, “tovariş-müsyö-ser” siyasi-diplomatik xəttini də keçib! “İskəndər-M” qarışıq nə qədər silah-sursatın nümunələri “Hərbi Qənimətlər Parkı”mızdadır. Cəmi 44 gün içində 10 min fərarisi olan Ermənistan ordusunun mənsubları, o fərarilərin qoyub getdiyi hərbi təyinatlı texnikaların hazırki vəziyyətini, koordinatlarını internetdən izləyə bilər: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti, Xəzər qıyısı, “Hərbi Qənimətlər Parkı”… Həncəridir? Orta hesabla hər günə 227 fərari, bir o qədər də zərərsizləşdirilmiş hərbçi “istehsal” edən Ermənistan ordusunun mənsubları, Ermənistanın hərbi-siyasi rəhbərliyi və də bütün erməniyanlılar düşünə-düşünə qalıb: 44 gündə Azərbaycan ordusunda bir əsgər belə fərarilik etməyib, tək bir əsgər! Bəs bu açıq ara fərq necə yarandı? – cavabı Kəlbəcərdə verildi: “Erməni generalları “tuşonka” satandır”. Prezidentin bu mövzuda möhür sözlərindən biri də, “Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar – onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər” oldu.
Azərbaycan lideri guya “ermənilər qədim tarixə və mədəniyyətə malikdir, Qafqazda mədəniyyət ocağıdır” mifinin nə qədər əslsiz olduğunu da Kəlbəcərdə həqiqətlərin dili ilə ifadə etdi: yerlə yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş dini ibadət yerləri – düşmənin əsl simasını göstərir. – Belə “mədəniyyət”, belə “qədimlik”, belə “ocaq”mı olur?..
Başqa bir məsələ: işğal dövründə ölkəmizin təbii sərvətlərini, o cümlədən qızılımızı talayan xarici şirkətlərin cinayətləri, bu sırada ekoloji cinayətləri barədə Prezidentin təsbitləri və yol xəritəmizi göstərməsi də Kəlbəcər-Laçın açıqlamalarının ən təsirli məqamları sırasındadır: “bu şirkətlərin iki yolu var – ya təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə veriləcəklər”.
Nəhayət, infrastuktur layihələri, açılış olan ünvanlar bərpa, quruculuq işlərinin miqyasını, genişliyini ifadə etməkdədir:
-Kəlbəcər və Laçın rayonlarında, Zəngəzurun gündoğar hissəsində aparılan işlər – yarımstansiya fəaliyyətə başladı, Prezident Su elektrik stansiyasının tikintisi ilə tanış oldu, ən önəmlisi – Laçın rayonunda ilk Beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu.
-700 kilometr uzunluğunda yolların çəkilişi prosesi getməsi (qışa qədər işin təqribən 80 faizi görüləcək)! Heç kəsə sirr deyil ki, bu, bizə imkan verəcək ki, hərbi baxımdan bu bölgələrdə daha da möhkəmlənək…
Ayrıca, ali dövlət rəhbərliyinin pilot layihələr gərəyi Kəlbəcər və Laçın ərazisində arıçılıqla, heyvandarlıqla məşğul olan sakinlərlə görüşməsi, onlara xeyir-dua, ürək-dirək verməsi səfərin yaddaqalan gözəl, səmimi məqamlarındanıydı.
Və sonda: “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”! “Biz harada lazım bilsək, orada da duracağıq”! “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”!
Göyçəyə qayıdış bir sonrakı mərhələdə gerçəkləşəcək (inşallah), hələliksə, yalnız mənən deyil, dünya birliyinin qəbul etdiyi hüquqlarla da bizim olan – işğaldan azad etdiyimiz Zəngilanda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək! – Ağılsız Ermənistanın talan etdiyi yerlərdə ağıllı kəndlər möcüzəvi sayılacaq qədər qısa müddət içində salınıb, qurulub, tikilib!
Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib.
Xatırladaq ki, Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda gerçəkləşəcək.
HƏR ŞEY DAHA DA YAXŞI OLACAQ!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!
Share: