Bəlkə də ilk dəfə idi “özünüzü necə hiss edirsiniz?” sualına “ölürəm” cavabını verirdim. Kəskin, dözülməz ağrılarla Yeni Klinikanın “Təcili Yardım” qapısından içəri daxil olmuşdum.
Halbuki məşhur Sabunçu xəstəxanası yaşadığım ünvana daha yaxın idi. Amma mən o an sanki cənnətlə cəhənnəm arasında, Sirat körpüsünün üstündə idim. Bu dəfə seçim şansı özümdədir, Yeni Klinikaya düşürəm.
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyevanın rəhbərliyi ilə məndən analizlər götürülür, UZİ, KT və digər müayinələrdən keçirəm. Bu, təxminən 2-3 saat vaxt aparır.
Fotoda Fəxriyyə Quliyeva
Müayinə prosesinin yekununda cibimdə heç nə qalmır. Yox, o mənada yox… Zatən mənim, yaxınlarımın əvəzinə, bütün xərcləri İcbari Tibbi Sığorta qarşılayır.
Yəni, belə nəticəyə gəlinir ki, vəziyyət yaxşı deyil, palataya köçürülüb müalicə olunmalıyam və 8-ci mərtəbədə yerləşən Qastroenterologiya şöbəsinə özümlə bir kibrit çöpü belə apara bilmərəm. İnsan bir öləndə, bir də Yeni Klinikada palataya köçürüləndə bu durumla qarşılaşır – özüylə heç nə apara bilmir. Bu, eyni zamanda, rüşvətin qarşısını almaq üçün ən unikal vasitədir.
Xəstəyə baş çəkməyə gələn yaxınları da özüylə heç nə gətirə bilməz, gətirsə də, aşağıdan yuxarı buraxılmır. Öz-özümə fikirləşirəm ki, bəs diş pastası, sabun? Yuxarı palataya qalxıb sanitar qovşağın qapısını açıram ki, onlar da var. Hotellərdə olduğu kimi, birdəfəlik istifadə üçün…
Burada həkimlərin təyinatı ilə hər xəstənin durumuna görə ayrıca yemək sifariş edilir və bu, xüsusi qabda çatdırılır.
Düzdür, ilk üç gündə həkimlər səhhətimlə əlaqədar məni bundan məhrum etmişdi. Yemək və su təlabatım “sistem”lərlə təmin olunurdu. Yeməklərlə 4-cü gündə tanış oldum və insafən, keyfiyyətli menyu seçildiyini deyə bilərəm.
Gigiyenik baxımdan da şöbədə hər şey çox əla idi. Sistem elə yaradılıb ki, hər şey öz axarı ilə gedir. Daha durub sən xəstə canınla palatanın qarşısına çıxıb Sumqayıta manatdan müştəri axtaran taksi sürücüləri kimi kimisə axtarmırsan. Cəmi 1-2 dəfə ürəyim sıxılanda palatanın qarşısına çıxmışdım, onda da dedilər, kamera nəzarəti var, içəri keçin, nə lazımdırsa, düyməyə basın, biz gətirək.
Əsas həkimin Röyalə Mehdizadə idi. Amma bütün xəstələrin müalicəsinə şöbə müdiri, uzman doktor Fuad Mustafayev də nəzarət edirdi.
Fotoda Fuad Mustafayev
Gündəlik olaraq bütün xəstələrə baş çəkilir, analizlər götürülür, müayinələr aparılırdı. Yeni Klinikanın həkim-infeksionisti Dilman Əhmədov da müalicəmlə məşğul olan həkimlər sırasında idi. O, pandemiya dövrünün ən ağır vaxtlarında burada iş başında olub.
Fotoda Dilman Əhmədov
O cümlədən, tibb bacıları Günay və Minayə xanımlar. Onların xəstəyə münasibəti nəticəsində öyrənirsən ki, təbəssüm qana ən tez qarışan dərmandır.
Fotoda Röyalə Mehdizadə
Kəskin ağrılarım iki gün sonra keçsə də, klinikada müalicəmin müddəti 5 gün davam etdi. Müşahidələrim nəticəsində belə qənaətə gəldim ki, bura dövlətin özəl klinikasıdır. Amma təkcə həkim qəbuluna düşməyi 50 manata edən özəl klinikalardan fərqli olaraq, bu özəldə xəstəni, yaxınlarını soyub-talamırlar, sağaldıb yola salırlar.
Təbii ki, Yeni Klinikanın mənfisi də var. Televizorda cəmi iki kanal göstərirdi…
Emin Səfərov