“Hərbidən qayıtdıqdan sonra 20 yaşını qeyd edəcəkdik. Söz vermişdim ki, bacı-qardaşlarına doğum günü keçirməyə imkanım olmayıb, amma sənə yubiley keçirəcəyəm, oğlum. Keçirə bilmədim…20 yaşını gözləmədən, ən böyük zirvəyə – şəhidlik zirvəsinə ucaldı oğlum. 19 yaşlı mələyim oldu”.
Bir anının övladı haqqında eyni anda həm kədərli, həm qürurlu cümlələr qurması çox ağırdır… Bu sözləri 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün qəhrəmanlıq göstərən hərbçilərimizdən birinin – Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə deyir.
3 övlad anası olan Məleykə xanım uşaqlarını zəhmətlə, çətinliklə boya-başa çatdırdığını deyir. Oğlunun heç vaxt naşükürlük etmədiyini qeyd edən ana onun səsi, varlığı üçün çox darıxdığını deyir:
“Cəbrayıl 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Çox kasıb ailə olmuşuq deyə övladlarımı zülmlə böyütmüşəm. 11 ildir tək ailə saxlayıb, uşaq böyüdürəm. Cəbrayıl uşaq yaşlarından işləyib mənə dəstək olub. O, çox dərin düşüncəli, mərhəmətli uşaq idi. Əlimdən gələni etmişəm ki, övladlarımın ehtiyaclarını qarşılayım”.
Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Müharibə zamanı oğlu ilə gec-gec əlaqə saxlaya bildiyini qeyd edən Məleykə ana deyir ki, avqust ayından Cəbrayılın görüşünə gedə bilib:
“Ürəyimdə o qədər narahatlıq vardı. Hər dəfə dua edirdim ki, balam sağ-salamat gəlsin. Avqustun 28-də Cəbrayılın yanına getdim. Cəbrayılın ürəyi istədiyi hər şeyi aldım, apardım. Ən çox paytaxt salatını, yarpaq dolmasını sevirdi. Əllərimlə yedizdirdim balamı. O, əsgərliyə gedəndən bizim evdə paytaxt salatı hazırlanmırdı. Uşaqlara da deyirdim ki, qardaşınız əsgərdi, o yeyə bilmir, siz də səbirli olun, qayıtsın, hamınız birlikdə yeyərsiniz.
Cəbrayılın yaşı az olsa da, ürəyi çox böyük idi. Dostlarına qarşı, insanlara qarşı çox mərhəmətli, ədalətli idi. Məni heç vaxt üzməyib. Bacı-qardaşını danlayırdım, hərdən mənə deyirdilər ki, Cəbrayılı niyə danlamırsan? Deyirdim ki, bir gülüşü var, dünyanı mənim üçün daha gözəl yerə çevirir. Bir baxışı vardı, gözlərinin içi parıldayırdı. Balamın gülüşü ilə birlikdə mənim həyatım da soldu…”
“Cəbrayıl hərbçi, ya da polis olmaq istəyirdi, təhsil alacaqdı…”
Məleykə ana deyir ki, Cəbrayıl barədə ürəyində qalan onun təhsilinə dəstək ola bilməməsidir:
“Çox istəyirdi ki, oxusun. Yanına gedəndə dedim ki, qayıt gəl, nəyin bahasına olursa-olsun, səni oxutduracam. Mənə söz verdi ki, qayıdacaq, hər şey yaxşı olacaq. İlk dəfədir Cəbrayıl anasına verdiyi sözü tutmadı. Cəbrayıl Vətən müharibəsi başlayanda Murovdağ döyüşlərində iştirak edib. Döyüş yoldaşları deyir ki, ən ağır döyüşlərdə olub. Vətən sevgisi onu gözüqara etmişdi. Heç nədən qorxmazdı. Yoldaşları deyir ki, əliyalın döyüşlərdə erməni generalını boğaraq öldürüb. 19 yaşlı bir qəhrəmanın bu şücaətindən bütün xalq danışır. Cəbrayıl tək mənim yox, artıq bütün Azərbaycan xalqının oğludur. Mən onun məzarına gəlib, soyuq daşından dərin baxışlarına baxa bilmirəm. Əzab çəkirəm. Elə bilirəm ki, yenə o məlhəm olan gülüşləri ilə üstümə qaçacaq”.
Cəbrayıl şəhid olandan sonra onun barəsində çox yazılar yazıldı. Qəhrəmanlığını döyüş yoldaşları danışaraq, onun xatirəsini hər zaman yaşatdılar.
Şəhidin anası deyir ki, Cəbrayıl tez-tez onun yuxusuna gələrək “hər şeyin yaxşı olacağını” deyir. Anasına “ev alacam, birlikdə xoşbəxt günlərimiz olacaq” deyən Cəbrayıl bir mənada sözünü tutdu. Şəhidlik zirvəsinə ucaldığı üçün onun ailəsinə ev verildi, amma Cəbrayıl o evdə ailəsinə vəd etdiyi xoşbəxt günləri yaşada bilmədi:
“Həmişə deyirdi ki, ana, ev alacam. Hər şey yaxşı olacaq. Hərdən yuxuma gəlir. Ağappaq paltarda. Hər dəfə divanda oturanda gəlib başını qolumun üzərinə qoyardı. İndi də elə edir. İnanırsınız ki, yatanda yuxuda görürəm, oyananda sol qolum ağrıyır. Sanki, Cəbrayıl həqiqətən də gəlib və qolumun üstündə yatıb.
Cəbrayıl mənə də, bacı qardaşına da ata olub. İndi onun yoxluğu hər birimizə əziyyət verir. Əziyyət çəkib, alnımın təri ilə uşaqlarımı böyütmüşəm. Bundan sonra da Cəbrayılın adını uca tutacağam. Mən bir şeyi istərdim ki, 19 yaşlı bir uşağın Vətən sevgisi, düşmənin gözünə baxaraq onu əlləri ilə boğmasını unutmasınlar. Bu, hər oğulun edə biləcəyi iş deyil. Bütün şəhidlərimiz mənim balalarımdı. Biz şəhid analarının yarası birdir, məlhəmi də birdir. Tək istəyimiz onların unudulmaması, xatirəsinin əbədi yaşadılması. İstəyirəm ki, Cəbrayıla Milli Qəhrəman adı versinlər.
O qədər həssas övlad idi ki, hərbçilərə deyib ki, siz atasız, getməyin. Subayam, irəlidə mən gedim. Deyib ki, sizin yolunuzu gözləyən uşaqlar var, mən atasız böyümüşəm, onlar elə böyüməsin. Mən belə oğul böyütdüm. Əsgər gedəndə dedi ki, “mən yanında olmasam da, əlim üstünüzdə olacaq, ana”. Balam şəhid oldu, amma biz hələ də onun kölgəsindəyik…”.
Anasının Cəbrayılın məzarına baxaraq danışdığını duydum. Diqqət etdiyimdə isə “son istəyini alıb sənə gətirəcəyəm” dediyini eşitdim.
Daha sonra bildim ki, Cəbrayılın motosikletə marağı olub. Müharibədən qayıdanda özünə motosiklet almaq üçün pul yığacağını deyib. Arzusunu gerçəkləşdirmək üçün anası ona motosiklet alıb gətirəcək:
“Cəbrayıl ilə o qədər gözəl xatirələrim var ki, onlara tutunuram. Mən özümə baxanda Cəbrayıl sevinirdi. Heç vaxt başıma yaylıq bağlamırdım. Bəlkə indi məni görsəydi, hirslənərdi ki, niyə solğunsan. Oğlum 10 aydır şəhid olub hələ də köynəyində, bayrağında qoxusu qalıb. Bir təsəllim odur ki, əziyyətlə böyüdü, vicdanlı insan oldu, ən ali zirvədə – şəhidlik zirvəsində qaldı. Onun cənnətdə yaxşı yerdə olduğunu düşünüb təsəlli tapıram”.
Allah rəhmət eləsin!
Könül Cəfərli
FOTO: Ramil Zeynalov