Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq. Belə atmosfer üçün darıxmışdıq.
Müstəqil.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqisi Qurban Qurbanov Bakıda Kiprin AEL komandasında 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynadıqlarını bildirib: “Özlərinə məxsus oyun üslübləri var. Səfərdəki bəzi səhvləri burada təkrarlamadıq. Oynamaq çətin idi. Meydançanın vəziyyəti də yaxşı deyildi. Amma şərtlər hər iki komanda üçün eyni idi. Futbolçularım diqqətli oynadılar. Onların döyüşməsindən razı qaldım. Vaxtımız azdır. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Düşünürəm ki, futbolçuların inkiaşfı üçün çox vacib qarşılaşma idi. Gənc futolçular belə görüşlərdə futbolun nə olduğunu dərk edirlər”.
Qurbanov Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünə görə başqa stadion sifariş verməyin çətin olduğunu vurğulayıb: “Bu, alınmaya bilər. Çünki vaxtımız elə də çox deyil. Bunun üçün nümayəndə gəlib baxmalıdır. “Azersun Arena” yaxşıdır, amma orada oynaya bilmərik. Növbəti matçlaradək ot örtüyündə bəzi dəyişiklərin olacağına inanıram”.
Mütəxəssis Filip Ozobiçi erkən əvəzləməsinin səbəbini də açıqlayıb: “İlk oyundan əvvəl də rəqibin baş məşqçisi Ozobiçi fərqləndirmişdi. Ona qarşı olduqca diqqətli oynayırdılar. İlk hissədə çox güc sərf etdi və yoruldu. Ayağında ağrılar var idi. Hər zaman demişəm ki, bu cür matçların taleyini daha çox oyuna sonradan girən futbolçular həll etməlidir”.
Onun sözlərinə görə, bugünkü qələbənin mənəvi tərəfi pis deyil: “Biz idman prinsipilərini əsas götürürük. Amma bəzən mətbuat konfransını maraqlı etmək üçün müxtəlif fikirlər səsləndiririk. Azarkeşlərimiz son dəqiqələrdə petarda yandırdıqları üçün cəza ala bilərlər. Düşünürəm ki, cəza bu qələbəyə dəyər. Futbolu gözəlləşdirən azarkeşlərdir. Bunları görəndə canlı futbolun nə olduğunu bilirsən. Azarkeşlər bəzən emosiyalarını cilovlaya bilmir. Bu da başadüşüləndir”
Qurbanov Kiprdəki qalmaqaldan sonra AEL-ə qarşı prinsipiallıq olduğunu gizlətməyib: “Məndə belə hallar əvvəllər də olub. Hətta bəzən daha sərt reaksiya vermişəm. İçimdə qalib gəlmək istəyi, prinsipiallıq çox idi. Amma hər zaman rəqibə hörmətlə yanaşmışam”.
Baş məşqçi Azərbaycansayağı künc zərbəsindən istifadə etməmələri ilə bağlı suala belə cavab verib: “Bunu rəqibə uyğun edirik. Bu gün də müəyyən ev tapşırıqları var idi. Bəlkə daha vacib görüşdə Azərbaycansayağı ev tapşırığından istifadə edəcəyik”.
Riçard Almeydanın transferinə də toxunan Qurbanov onun gedişindən sonra komandada xeyli dəyişikliklər olduöunu deyib: “Onun təcrübəsi bizim üçün çox vacibdir. Digər tərəfdən, Almeydanın meydanda neçə dəqiqə oynaması önəmli deyil. Əsas odur ki, onu meydana buraxanda arxayın oluram. Almeyda belə futbolçulardandır. Onun komandada olması yarımmüdafiənin mərkəzində çıxış edən futbolçuların daha az yorulmasına imkan verəcək. Almeyda güvəndiyim futbolçudur”.
Qurbanov iki cəbhədə oynamağın çətin olacağını bildirib: “Çünki komanda tam formalaşmayıb. Müəyyən çətinliklərlə üzləşə bilərik. Amma getdikcə daha yaxşı olacağımıza inanırıq. Bir neçə oyunçu almağı mütləq düşünürük. Bu, hücumçu, yarımmüdafiəçi, hətta müdafiəçi də ola bilər”.
Müstəqil.Az