Dubaydakı uşaq oğurluğu ilə bağlı QƏRAR verildi: azərbaycanlı uşaq anasına qaytarılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı keçən uşaq oğurluğu ilə bağlı istintaq işi yekunlaşıb. Hazırda iş üzrə son qərarın verilməsi üçün hazırlıqlar görülür.

İstintaqa təqsirli şəxs qismində Azərbaycan vətəndaşı Davud Bağırov bir neçə dəfə dəvət olunub. D.Bağırov prokurorluğa getməyib. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işində D.Bağırovdan savayı bir qadın da var. Qazaxıstan vətəndaşı Zarina Jaksenbayeva da işə təqsirləndirilən şəxs qismində cəlb olunub. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz.

Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb.

M.Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

5 oktyabr 2017-ci ildə Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Dubay Əmirliyinin Ali Məhkəməsinin iş üzrə çıxardığı qərar tanınıb. Həmin qərara əsasən, Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub. Dubay Ali Məhkəməsinin qərarının tanınmasından sonra da bu işə nöqtə qoyulmayıb. M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, Davud Bağırov M.Beishekeyeva ona qarşı Dubay Məhkəməsinə şikayət təqdim edəndən sonra orada prosesin xeyrinə getmədiyini görüb və fasilə elan edilməsini istəyib. Cavabdeh bildirib ki, fasilənin veriləməsini sübutlar təqdim olunması üçün istəyir. Həmin dövrdə D.Bağırov Azərbaycana gəlib və oxşar iddia ilə Səbayel Rayon Məhkəməsinə şikayət verib. Səbayel Rayon Məhkəməsində hakim Nurəddin Bağırov şikayətə 1 günün içində baxaraq təmin edib.

A.Əfəndizadə deyir ki, D.Bağırov Səbayel Məhkəməsində işə baxılarkən ona qarşı Dubay Məhkəməsində oxşar iddianın olduğunu deməyib. Bundan başqa məhkəmədə işə böyük qanunsuzluqlarla baxılıb. M.Beishekeyevaya iddiaya baxılması haqda məlumat verilməyib, qəyyumluq və himayəçilik orqanlarının şikayətə baxılarkən iştirakları təmin olunmayıb. Hazırda M.Beishekeyeva həmin qanunsuz və əsassız qətnamənin ləğvi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə (BAM)şikayət təqdim edib.

Həmin ərəfədə Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsində tanınıb deyə M.Beishekeyevanın şikayətinə baxılması bir neçə dəfə təxirə salınıb. Nəhayətdə Azərbaycan Ali Məhkəməsinin qərarı BAM hakimi Raqib Qurbanova təqdim olunub.

A.Əfəndizadə deyir ki, qarşı tərəf hər fürsətdən yararlanmaqla Dubay Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın icrasını ləngitməyə çalışır. “Azərbaycanda Səbayel rayon Məhkəməsinin çıxardığı qanunsuz və əsassız qətnamənin ləğv olunması tarixini maksimum uzatmaq, bu müddətdə Ali Məhkəmənin çıxardığı tanınma qərarından Konstitusiya Məhkəməsinə şikayət verməyə vaxt qazanmaq üçün hərəkətə keçiblər. Azərbaycan Ali Məhkəməsinin qərararını nəyin bahasına olursa-olsun ləğv etmək istəyirlər. İş üzrə D.Bağırovu vəkil Azər Quliyev təmsil edirdi. İndi isə Famil Süleymanov təmsil etməyə başlayıb və prosesə gəlib deyir ki, işlə tanış deyil, proses 15 gün təxirə salınsın. Etirazlarımdan sonra hakim 1 gün vaxt verir və növbəti gün vəkil gəlib bütün tərkibə etiraz edir. Bu dəfə proses qeyri-müəyyən vaxta qədər təxirə salınır. Halbuki BAM-da belə etirazlara bir neçə saatın içində baxılır. Deməli işin uzamasında məhkəmədəkilərin də böyük marağı yaranıb”, – deyə nümayəndə bildirir.

A.Əfəndizadə deyir ki, Ali Məhkəmənin tanınma qərarının ləğvi üçün hərəkətlilik var: “Davud Bağırovun vəkili Azər Quliyev Ali Məhkəmədə tanınma qərarı verilərkən dedi ki, qərar verilsə, Konstitusiya Məhkəməsində qərarı ləğv etdirəcəklər. Dedi ki, Merim Beishekeyeva Səbayel Rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinə qarşı şikayət verib. Azər Quliyev bu sözü həmin vəziyyətə uyğun işlətmədi. Bilirik ki, şöbənin rəhbəri ilə Konstitusiya Məhkəməsi sədrinin yaxın qohumluq əlaqəsi var. Düşünürük ki, bu məsələni qabartmaqla – yəni Merim Beishekeyevanın Səbayel Rayon Qeydiyyat Şöbəsinin qanunsuzluğunu məhkəmə qaydasında mübahisələndirilməsini önə verməklə Konstitusiya Məhkəməsində öz xeyirlərinə qərar çıxarmağa çalışacaqlar”.

Onu da qeyd edək ki, Ceyla ABŞ vətəndaşıdır. (musavat)

Share: