Dünya bir rəngdədir ağrılarımla – Xatirə Fərəclinin şeirləri

Dünya bir rəngdədir ağrılarımla – Xatirə Fərəclinin şeirləri

Dünya bir rəngdədir ağrılarımla

İtsəm də itkilər dağıntısında,

Gəzsəm də kəndbəkənd, ölkəbəölkə,

Dünya bir rəngdədir ağrılarımla

Mən elə dünyayla yaşıdam bəlkə.

 

Ölüm də, unutmaq, unudulmaq da,

Fanidə əvvəlki qaydadır elə.

Ağrının da rəngi, məxsusluğu var

Yaşanar eləcə, gəlməz ki, dilə.

 

Zamanı, məkanı, taxtı, gərdişi,

Kim gəlib, kim gedib, hesabımı var?!

Sorma bu dünyanı saran süstlüyü

İnsan bapbalaca, dünya dardan dar.

Mən adda günahın ola        

 Tükənib son nəfəs kimi

Çəkdiyin hər dolu ahda,

Mən adda günahın ola,

Boğulasan bu günahda.

 

Mən cənnətəm, mən cəhənnəm,

Arzulama, məni belə,

Bihuş edib cənnətimdə,

Yandıraram yanğım ilə.

 

Günahdırsa adı əgər,

Bəxtəvər başına bunun,

Bir şey ki, yeri könüldə,

Kimə günah, kimə qanun.

 

Tanrı duası sayılar,

Bir hökmü vermişsə ürək.

Təki günahın mən olum,

Günahkarlar da sənin tək

Bir ovuc istək idi

Sovuşdu qar sevdam da,

soyudu isti hisslər.

Çox gecikdim vüsala

bəlkə də küsdü hisslər.

 

Bir ovuc istək idi

ovcumdaca əridi,

susdu o çılğın həvəs,

öz içində kiridi.

 

Ən işıqlı diləklər

ağrılara fon oldu.

Bir dünya həsrətimə,

istəyimə son oldu.

Ağaclar, adamlar

 Həmişəyaşıl ağac görəndə

sevincə, kədərə

heç bir reaksiya verməyən adam görürəm elə bil-

mimikasız, həyəcansız adam,

həmişə havası eyni, hissləri eyni,

soyuq, isti,

sevinc, kədər

gedib çatmır ürəyinə qədər,

yayın ortasında təzə-tər ağac   

yaşlananda da

saflığını qoruyub saxlamış,

ürəyinin təmizliyi gözündən oxunan adam kimidir,

tünd, cod, görünüşü boyat ağac

sifətində cəhənnəm gəzdirən,

bic, sirinsimiş adam kimi,

yastılanıb böyür – başına enlənən tikanlı kol

genindən gələn əyər-əskiyi özündə daşıyan adam,

ağacların çiçək vaxtı,

göyçək vaxtı,

yarpaq dövrü,

çılpaq dövrü,

insan yaşı, insan ovqatı…

 

 

 

 

 

 

 

Share: