Şair Elnur Uğur prezident təqaüdünə layiq görüldü. Onu Müstəqil.Az-ın adından təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
Şair Elnur Uğur Abdiyevin yenu şeirlərini oxuculara təqdim edirik:
Var
Yer altında yatanlara min şükür,
Yer üstündə gör nə qədər ölü var?
Yaxşı baxsan gələcəyin bətnində,
Sevginin yox, tək nifrətin dölü var.
Dahası var başından hər dahanın,
İşığı yox azdığımız kahanın.
Bu divləri məhv etməyə cahanın,
Harasında,görən səmən gülü var?
Neçə kötük sönüb tutmur kül qabı,
Yanan odun köz içidir, kül – qabıq.
Dünya bu gün külqabıdır,külqabı,
Hər gələnin bircə çırtma külü var.
Elnur, bacar bu dövranla keçin di!
Keçinməyən, keçinən də keçindi.
İçdən içə bir körpü sal keç indi,
İnsanların baxsan,quru çölü var.
Eşqinə
Nə az, nə də çox fırlanır,
Milyard ildi ox fırlanır.
Hər varda bir yox fırlanır,
Hər yoxda varın eşqinə.
Eşqlə keçinə- keçinə,
Yığışdıq ömrün köçünə.
Dənizi çəkir içinə,
Qayıq avarın eşqinə.
Ləpə sahilin gülüşü,
Köpüklər gülür gümüşü.
Vətənsiz ruhum, az üşü,
Qaya divarın eşqinə.
Fırlan bu yerin başına,
Xeyirin, şərin başına.
Düşər daş sənin başına,
Bu torpaq yarın eşqinə.