Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.
“Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində latviyalı Aleksandr Yurkyansı 7:3, 1/4 finalda kubalı Luis Alberto Orta Sançesi 3:1 hesabı ilə yenib.
Yarımfinalda onun rəqibi serbiyalı Sebastian Nad olacaq.
67 kq çəkidə Həsrət Cəfərov 1/16 finalda meksikalı Dieqo Martineslə görüşməli olsa da, rəqib zədələndiyi üçün görüşə çıxmayıb. Nəticədə Cəfərov 1/8 finala yüksəlib. O, sonrakı görüşlərində yaponiyalı Katsuaki Endonu 9:0. çinli Husiyuetu Husiyuetunu 7:0 hesabı ilə üstələyib. Yaırmfinalda rəqib serbiyalı Mate Nemes olacaq.
97 kq-dakı Arif Niftullayev 1/16 finalda avstriyalı Daniel Qastlinin 3:2, 1/8 finalda litvalı Vilius Laurinaitisi 9:0, 1/4 finalda macarıstanlı Aleks Gerqo Sokeni 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda rəqib bolqarıstanlı Kiril Milenov Milov olacaq.
82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov isə 1/8 finalda yaponiyalı Yuya Okajimanı üstələsə də, 1/4 finalda özbəkistanlı Jalqasbay Berdemuratova 0:11 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyib. O, ümidini bürünc medala bağlayıb. Bundan ötrü ilk növbədə, Berdemuratov finala yüksəlməlidir.
Qeyd edək ki, bu gün yarımfinal görüşləri ilə yanaşı, Azərbaycanın 2 təmsilçisi – 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.
Final qarşılaşmaları saat 20:00-da başlayacaq.