Biz “BBC News” telekanalında işğaldan azad edilmiş Cəbrayıl şəhərində guya “erməni kilsəsinin yoxa çıxması” barədə məlumatın yayılmasına və Ermənistanın UNESCO işləri üzrə milli komissiyasının Azərbaycana qarşı “mədəniyyət cinayəti” ilə bağlı iddia irəli sürməsinə qətiyyən təəccüblənmirik. Çünki bu gün “Human Rights Watch” təşkilatı kimi, Avropa Parlamentinin (AP) bəzi üzvləri kimi “BBC News” telekanalı və UNESCO da necə deyərlər, “erməni vaxtı” ilə işləyir və açıq-aşkar ermənipərəstlik edirlər. Odur ki, onların Azərbaycanı “mədəniyyət cinayətlərinin” törədilməsi kimi əsassız bəyanatlarla ittiham etməsini ölkəmizə qarşı növbəti qaralama kampaniyası kimi qiymətləndiririk.
Mədəni və dini müxtəlifliyin qorunmasına sadiqliyini sözdə deyil, hər zaman əyani şəkildə nümayiş etdirən Azərbaycan Respublikasını və tolerantlığı heç kimdə zərrə qədər də şübhə doğurmayan Azərbaycan xalqını hansısa “mədəni cinayətlər”də ittiham etmək həqiqətən də absurddur. Cəbrayılda işğalçı əsgərlər üçün tikilmiş qondarma kilsə nə vaxtdan “mədəni abidə” sayılmağa başlanıb? Axı “yoxa çıxması” iddia edilən bu tikili Ermənistanın 30 illik işğalı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında tamamilə qanunsuz olaraq tikilib. Bəs indi siz hansı beynəlxalq hüquq normalarına söykənərək belə bir qanunsuz tikilini dünya ictimaiyyətinə “mədəni irs” kimi, maddi-mədəniyyət nümunəsi kimi, yadaki tarixi abidə kimi sırımağa çalışırsınız?
Yaxşı, işğalçı ölkənin zəbt etdiyi özgə torpaqlarında öz işğalçı əsgərləri üçün tikdiyi qanunsuz tikili “mədəniyyət” faktıdırsa, bəs onda elə həmin işğalçıların son 30 il ərzində bizim ərazilərimizdə dağıtdıqları, talan etdikləri muzeylər, məscidlər, məbədlər, pirlər, qəbristanlıqlar, qalalar, məktəblər sizcə nədir? Siz bunları tarixi, mədəni, dini abidələr hesab etmirsinizmi? Ötən 30 il ərzində Azərbaycanın tarixi-mədəni abidələrinin ermənilər tərəfindən dağıdılmasına göz yuman beynəlxalq ictimaiyyətin təmsilçiləri olaraq nə üçün indi birdən ayılıb, Qarabağda xirstianlıq izi axtarmağa başlamısınız? Axı özünüz də yaxşı bilirsiniz ki, Azərbaycanın bu bölgəsində Birinci Qarabağ müharibəsindən əvvəl xristian dininə etiqad edən bir nəfər də sakin olmayıb. Cəbrayılda heç vaxt ermənilər yaşamayıb. Elə isə Cəbrayılda Ermənistanın iddia etdiyi “tarixi-mədəni kilsə” necə peyda ola bilərdi ki?
Hamıya gün kimi aydındır ki, işğal dövründə Ermənistan rəhbərliyi orada erməni əsgərləri üçün qalmağa yer tikib. Cəbrayıl işğaldan azad edildikdən sonra həmin tikilini dünyaya “kilsə” kimi təqdim etmək isə Ermənistanın yeni hiyləsidir. Məskunlaşdıqları bütün ərazilərdə kilsə tikmək və beləliklə, bir müddətdən sonra oranın ermənilərə məxsus olduğunu iddia etmək ənənəsi indi də yeni formada təzahür edir. Daima saxta “tarix” yaradaraq özlərinin bu bölgənin qədim xalqlarından biri olduğunu sübut etməyə çalışan ermənilər indi də saxta “kilsə” söhbətini ortaya atmaqla bu dəfə də Cəbrayılı “erməniləşdirməyə” çalışırlar. Lakin bu planları baş tutmayanda isə, köhnə ənənələrinə sadiq qalaraq hay-küy salmaq, dünyanı üzərimizə qaldırmaq metoduna əl atırlar.
Məhz bu metoddan çıxış edərək hiyləgər ermənilər işğal dönəmində qeyri-qanuni fəaliyyətə yol verib və Azərbaycanın bir sıra başqa ərazilərində də bu cür tikililər tikiblər. Belə ki, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 “kilsə” tikilib. Cəbrayılda tikilmiş sözügedən “kilsə” də bunlardan biridir. Lakin bu kilsələrin heç biri həqiqi Allah evləri sayıla bilməz. Çünki işğal dövründə işğalçılar tərəfindən “kilsə” adıyla tikilən istənilən tikili sadəcə və sadəcə işğalçılıq faktıdır. Bu tikililər işğalın maddi təsdiqi sayılır.
Biz hesab edirik ki, bu gün beynəlxalq təşkilatlar və nüfuzlu dünya KİV-ləri işğal illərində Azərbaycan ərazilərində peyda olmuş saxta erməni “mədəniyyət nümunələri”ndən ötrü yersiz hay-küy qaldırmaq əvəzinə, 30 il ərzində davamlı şəkildə erməni vandalizminə məruz qalmış Azərbaycanın tarixi-mədəni-dini irsinin taleyi ilə maraqlanmalıdırlar. Məlum məsələdir ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. Bizim mədəni irsimizə, abidə və məscidlərimizə bu cür barbarcasına münasibət əslində bütövlükdə dünya mədəniyyətinə qarşı barbar münasibətdir. Bəli, erməni faşizmi təkcə bölgəmizə yox, həm də dünya mədəniyyətinə qarşı təhdid kimi dəyərləndirilə bilər. Bu isə əlbəttə ki, dünya birliyinin erməni faşizminin dağıdıcı nəticələrinə ədalətli yanaşmasından asılıdır.
Dünya mediası erməni işğalının ağır nəticələrini gəlib əyani surətdə görməli və göstərməlidir. Azərbaycan öz torpaqlarını azad edəndən sonra işğalçı Ermənistanın törətdiyi çoxsaylı vəhşiliklər aşkarlanıb, üzə çıxıb. Həmin ərazilərdə Azərbaycana məxsus mədəni-tarixi abidələrinin hamısı dağıdılıb, mülki binalar, bağ-bağçalar, meşələr və başqa təbii gözəllikləri məhv edilib. Salamat bir şey qalmayıb. Hansı tarixi-memarlıq abidələrini dağıda bilməyiblərsə, onları təhrif edib, “erməniləşdirməyə” çalışıblar.
Həmçinin, beynəlxalq hüquqa zidd olaraq Ermənistan işğal zamanı Azərbaycan ərazilərindən qarət etdiyi daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarıb, bir qismini nüfuzlu şəxslərə hədiyyə edib. Bir qismi isə hazırda Ermənistanın paytaxtında müxtəlif muzeylərdə saxlanılır, sərgilərdə nümayiş etdirilir.
1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londonda auksionda 80 min ABŞ dollarına satılıb. 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matenadaran qədim əlyazmalar muzeyinə təhvil verilib. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.
İşğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid olub. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. İndi həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Digər rayon və kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar ya dağıdılıb, ya da tamamilə baxımsız vəziyyətdədir.
Füzuli rayonunun Merdinli kəndi erməni vəhşiliyinin qurbanı olub. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, məzar daşları uçurulub. Ermənilər qəbiristanlıqlarda uyuyan insanlarımızın sümüklərini çıxarıb təhqir ediblər.
Həmçinin, XIX əsrə aid Ağdam məscidi də işğalçılar tərəfindən dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.
Ümumiyyətlə, rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 məscid uçurulub, yararsız hala salınıb. Habelə 7 min memarlıq abidəsi baxımsızlıqdan uçmaq təhlükəsi qarşısında qalıb, 71 türbə, 500 qəbiristanlıq dağıdılıb.
Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. Eyni zamanda 1161 arxeoloji abidə üzərində qeyri-qanuni qazıntılar aparılıb.
Eləcə də, mənim doğulduğum Qubadlı rayonunda 8 məscid tamamilə bərbad vəziyyətə salınıb. O cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də olduqca acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Diqqətinin (Reza Deghati) Məmər kəndindəki məsciddən çəkdiyi fotolar ermənilərin “mədəni donuz”luğunu bütün dünyaya göstərdi. Ötən ay Azərbaycandakı diplomatik korpusun nümayəndələri də işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Qubadlı şəhərində olarkən, erməni vandalizminin ağır fəsadlarını öz gözlərilə görüblər.
Bu yaxınlarda Qubadlı şəhərinə, o cümlədən Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də orda gördüyü erməni vandalizminin hüdudsuzluğundan dəhşətə gəlmişdi. Cənab Prezident həmin gün Qubadlının acı durumunu bütün dünyaya göstərdi: “Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər”.
Prezidentimiz Qubadlıda törədilmiş erməni vəhşiliklərini bütün dünyaya göstərərkən, məgər bir əcnəbi lider, bir beynəlxalq təşkilat cınqırını çıxarıb “mədəni” ermənilərin bu qeyri-mədəni, anti-insani əməllərini pislədimi? Xeyr, heç kim səsini çıxarmadı. Hamı bu cür tükürpərdici, vandallar sayağı faktları görməzdən gəlir. Amma bu faktların sayı-hesabı yoxdur.
30 illik işğal dönəmində Qarabağda elə bir kəndimiz, qəsəbəmiz, şəhərimiz yoxdur ki, ora erməni vandalizminin dağıdıcılığına məruz qalmasın. İndi biz onların hamısını burda bircə-bircə qeyd etmək istəmirik. Hələ biz Ermənistanın özündə, o cümlədən Zəngəzurda dağıdılan, məhv edilən çoxsaylı tarixi abidələrimiz, qalalarımız, məscidlərimiz, qəbristanlıqlarımız haqda isə ümumiyyətlə, heç danışmırıq.
Əslində bütün bu vandalizm hərəkətləri Ermənistan dövlətinin və bir çox sıravi ermənilərin digər dinlərə münasibətini, onların həqiqi simasını əks etdirir. Qeyd etdiyimiz və etmədiyimiz faktlar bir daha Ermənistan dövlətini idarə edənlərin hansı mənəviyyata sahib olduğunu göstərir. Bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evidir, onlara xələl gətirmək və sökmək günah sayılır. Ancaq erməni işğalçılarına isə günah anlayışı tamamilə yaddır. Vəhşiləşmiş işğalçılar nəyin günah, nəyin normal olduğunu ayırd etməyiblər.
Biz beynəlxalq təşkilatları, dünya KİV-lərini Azərbaycana və Ermənistana münasibətdə “ikili standartlar”dan əl çəkməyə çağırırıq. Biz dünya liderlərini və xalqlarını Ermənistan dövlətinin işğal dönəmində Azərbaycanın tarixi və mədəni irsinə qarşı rəsmən “səlib yürüşü” təşkil etməsini pisləməyə səsləyirik. Erməni vandalizmi dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Azərbaycanı “mədəni cinayətlər” törətməkdə ittiham edən medialar və təşkilatlar, öncə erməni vəhşiliklərinə qiymət verməlidirlər. Erməni barbarlığına göz yuman KİV-lərin və təşkilatların tolerantlığın simvoluna çevrilmiş Azərbaycana dil uzatmağa qətiyyən haqqı yoxdur. Onlar bilməlidirlər ki, Azərbaycanın xristian keçmişi də vardır. Azərbaycan tarixinin Qafqaz Albaniyası dönəmi bizim xristianlıq tariximizdir. Odur ki, xristianlıq bizə yad və düşmən deyil. Ermənilərin İslama və məscidlərimizə düşmən gözüylə baxmasından fərqli olaraq biz kilsələrə düşmən yuvaları kimi baxmırıq. Azərbaycan dövləti hər bir kilsəni, məbədi xüsusi qayğıkeşliklə qoruyur, mühafizə edir. Deməli, beynəlxalq təşkilatların və KİV nümayəndələrinin erməni təbliğatına uyub, Azərbaycanı xristianlıq və mədəniyyət düşməni obrazında təqdim etmək cəhdləri də yolverilməzdir.
Mən həm partiya sədri kimi, həm tarixçi-hüquqşünas kimi, həm də ermənilərin işğalçılığı ucbatından 28 il məcburi köçkün həyatı yaşamış bir azərbaycanlı kimi “BBC News” telekanalını da, UNESCO-nu da, digər maraqlı tərəfləri də bu yaxınlarda işğaldan azad edilmiş doğma rayonuma – Qubadlıya dəvət edirəm. Əgər siz özünüzü həqiqətən də vicdanlı, ədalətli media qurumu və əsl mədəniyyət təəssübkeşi hesab edirsinizsə, gəlin Qubadlıdakı erməni vandalizminin izlərinə öz gözlərinizlə şahidlik edin. Bir işğalçı “kilsə”nin taleyi sizi bu qədər narahat edirsə, mənim rayonumda ermənilər tərəfindən dağıdılmış 8 məscidin taleyi də sizləri eyni dərəcədə narahat etməlidir. Mən hesab edirəm ki, məscidlərin dağıdılmasına göz yuman BBC-nin və ya UNESCO-nun, bir “kilsə” üçün haray-şivən salmağa mənəvi ixtiyarı yoxdur. Ədalətsiz xristian təəssübkeşliyiniz həddindən artıq qabarıq görünür, cənablar!
Yeri gəlmişkən, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. Ermənilər isə bu Konvensiyanı ayaqlarının altına ataraq, 30 il ərzində Qarabağda hər cürə barbarlığa yol veriblər. Siz ermənilərdən bunun hesabını sorun. Talibançıları və İŞİD-çiləri barbarlıqda, vandallıqda ittiham etdiyiniz kimi ermənilərin də vandallığına eyni qiyməti verin. Alman faşistlərinə Nürnberq məhkəməsi qurduğunuz kimi erməni faşistlərinə də Strasburqda və ya Brüsseldə, yadaki elə Haaqanın özündə məhkəmə qurun. İşğalçı və vandal ermənilərə əsla və əsla havadarlıq etməyin. Əlbəttə, işğalçılara, mədəniyyət düşmənlərinə havadarlıq etmək asandır və “qoca Avropa” bunu çox yaxşı bacarır. Lakin bu eyni zamanda əsl rüsvayçılıqdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri